Xəstəxanalara ən çox hansı xəstəliklərlə bağlı müraciət olunub? –

Dövlət Agentliyi tibbi sığortanın ilk NƏTİCƏLƏRİNİ açıqladı  
20 Fevral 2020 - 11:37

“Yeni Qaydaya əsasən tibb işçisinin əməkhaqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir”.

B sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan bütün tibb işçilərinə aylıq maaşları verilib:

“Əməkhaqlarına əlavələrin tətbiqi isə vaxt tələb edir. İcbari tibbi sığorta səhiyyə sahəsində aparılan əhəmiyyətli islahatdır. Azərbaycan səhiyyə sistemində ilk dəfədir ki, səhiyyə işçilərinin əməyi xidməti fəaliyyətin iqtisadi və kəmiyyət göstəricilərinə görə qiymətləndirilir. Gələcəkdə səhiyyə işçilərinin əməyinin keyfiyyət göstəricisinə görə də qiymətləndirilməsi nəzərdə tutulur. Hazırda tibb müəssisələrinin mühasibatlıq və maliyyə şöbələri bonus və əlavələrin hesablanması üzərində çalışırlar. Agentlik də tibb müəssisələrinə bu istiqamətdə öz dəstəyini göstərir. Yaxın zamanda səhiyyə işçiləri əməkhaqlarına əlavələrini də alacaqlar”, – deyə Agentlik sədri qeyd edib.

Onun sözlərinə görə, bu ilin fevral ayının 15-dək icbari tibbi sığortanın tətbiq edildiyi 23 regiondakı tibb müəssisələrinə 381 482 nəfər, 607 063 müraciət edib.

Sədr bildirib ki, ən çox vətəndaşın müraciət etdiyi regionlar Mingəçevir (76 992), Yevlax (48 325), Xaçmaz (43 030), Şəki (42 896) və Qəbələdir (42 874). Ən çox tibbi xidmət göstərən tibb müəssisələri Mingəçevir şəhər Mərkəzi Xəstəxanası (244 747), Yevlax rayon Mərkəzi Xəstəxanası (108 376), Ağdaş rayon Mərkəzi Xəstəxanası (92 151), Xaçmaz rayon Mərkəzi Xəstəxanası (72 757) və Şəki rayon Mərkəzi Xəstəxanasıdır (84 350).

Z.Əliyev qeyd edib ki, bu gün 5 ərazi tibbi bölməsi – Şəki-Zaqatala, Bərdə-Yevlax, Quba-Xaçmaz, Göyçay-Kürdəmir və Dağlıq Şirvan fəaliyyətə başlayıb.

Z.Əliyev deyib ki, tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığını təmin etmək məqsədilə respublikanın inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələri yaradılıb.

O bildirib ki, hazırda icbari tibbi sığortanın tətbiqi 5 tibbi ərazi bölməsini əhatə edir: “Həmin tibbi ərazi bölmələri üzrə müraciət sayına gəldikdə, deyə bilərəm ki, fevralın 15-dək ən çox Şəki – Zaqatala tibbi ərazi bölməsinə müraciət edilib. Şəki – Zaqatala üzrə 169 204, Bərdə – Yevlax üzrə 149 683, Quba – Xaçmaz üzrə 124 350, Göyçay – Kürdəmir üzrə 83 562 və Dağlıq Şirvan üzrə 80 264 müraciət qeydə alınıb”.  Əliyev deyib ki, ən çox müraciət edilən xəstəliklərə gəldikdə, fevralın 15-dək müraciətlərin böyük əksəriyyəti yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası xəstəliyi ilə bağlı olub. Bu xəstəlik üzrə 12 182 müraciət qeydə alınıb. Ən çox müraciət edilən xəstəliklər sırasında ümumi tibbi baxış (7189), yüksək qan təzyiqi (6215), digər ümumi baxışlar (5372), insulindən asılı olmayan şəkərli diabet (5231) və s. xəstəliklər yer alır. (APA)

Yanvar ayı ərzində ümumilikdə 242 nəfər həyati vacib-dəyəri yüksək olan əməliyyatlardan yararlanıb. Bahalı əməliyyatlar arasında, koronar damarlara stendlərin tətbiqi (76 əməliyyat), kardiologiya/ürək-damar cərrahiyyəsi (60 əməliyyat), oftalmologiya (42 əməliyyat), urologiya (24 əməliyyat), nevrologiya/neyrocərrahiyyə (23 əməliyyat) üzrə əməliyyatlar çoxluq təşkil edir.