Xaçmazda qardaşı oğlunu bıçaqlayan şəxs özünü tüfənglə vuraraq öldürüb

25 Avqust 2021 - 13:53

Avqustun 24-ü saat 21 radələrində Xaçmaz rayon sakini Əsgərbəyli Əliağa Aydın oğlunun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xaçmaz rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əmisi Rövşən Əsgərbəylinin həmin gün saat 20 radələrində yaşadığı rayonun Qaraqurtlu kəndindəki evində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Əliağa Əsgərbəyliyə bıçaqla çoxsaylı xəsarətlər yetirməsinə, sonra da tüfənglə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

***

12.59

Xaçmaz Rayon Polis Şöbəsinə avqustun 24-də saat 20 radələrində Qaraqurtlu kəndində yaşayan Rövşən Əsgərbəylinin evində münaqişə zəminində qardaşı oğlu Əliağaya bıçaqla, sonradan isə tüfəngdən açdığı atəşlə özünə xəsarət yetirməsi barədə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. R.Əsgərbəyli xəstəxanaya aparılarkən yolda ölüb, Əliağanın vəziyyəti ağırdır.

Polis əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Araşdırma aparılır.