Xankəndinin işğal günü anıldı, Qarabağ icması Ermənistana tələb irəli sürdü:"Dərhal onların ölkəmizə verilməsini tələb edirik"

Xankəndinin işğalının 28-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanı ziyarət olunub.

Ziyarət Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi tərəfindən təşkil edilib. 

Ziyarətdə Birliyin sədri Tural Gəncəliyev, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, İcmanın üzvləri, deputatlar Flora Qasımova, Elman Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.  

Tural Gəncəliyev bildirib ki, 28 il öncə Dağlıq Qarabağ bölgəsinin ən strateji şəhəri olan Xankəndinin işğalı günüdür: “Erməni işğalçı qüvvələri 1991-ci ilin dekabr ayında Xankəndində yaşayan minlərlə azərbaycanlını etnik təmizləməyə məruz qoyub. Onların bəziləri vəhşicəsinə öldürülüb. Biz hazırda şəhidlərimizin ruhunu anırıq. Həm də Xankəndini, Qarabağı unutmadığımızı burdan bütün ermənilərə,  Ermənistan dövlətinə mesaj veririk. İcma olaraq biz güclüyük, xankəndlilərlə birlikdə öz torpağımıza qayıtmaq əzmindəyik. Tezliklə də bunu həyata keçirəcəyik”. (APA)

“Ermənistanın cinayətkar rejimi tərəfindən həmvətənlərimizin qanunsuz şəkildə saxlanılmasını pisləyir və dərhal onların ölkəmizə verilməsini tələb edirik” -bu sözləri jurnalistlərə açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, təəssüf ki, erməni tərəfi azərbaycanlı girovların ölkəmizə qaytarılmasından imtina edir:  “Erməni tərəfi bildirir ki,  orada saxlanılan azərbaycanlıların yaxınları ilə görüşdürülməsini təmin edə bilərlər.  Lakin biz onların görüşdülməsinin yox, birdəfəlik Azərbaycan tərəfinə təhvil verilməsinin tərəfdadıyıq. Ermənistan tərəfi bizim həmvətənlərimizi qanunsuz şəkildə saxlayır. Öz doğma torpaqlarını, ata-babalarının məzarlarını ziyarət edən şəxsləri cinayətkarcasına yaxalayıb. Mesajımız budur ki,  tezliklə girovlarımızı geri qaytarsınlar”. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Atamın saxlanılması barədə məlumat yalandır” –

Sonrakı məqalə

Avropada olan Əli Həsənov həbs xəbərindən danışdı: