XİN-in sabiq vəzifəli şəxsləri daha 3 ay ev dustaqlığında qalacaqlar –

QƏRAR
11 Avqust 2021 - 11:25

Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin sabiq rəisi Faiq Bağırov və Konsulluq idarəsinin digər sabiq vəzifəli şəxsi İlqar Əliyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

APA-nın xəbərinə görə, Səbail Rayon Məhkəməsində keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, təqsirləndirilən şəxslər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirləri 3 ay müddətinə uzadılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Həmin şəxslər barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Daha sonra isə məhkəmənin qərarı ilə onların barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.
Xatırladaq ki, XİN-in İşlər idarəsinin sabiq müdiri Fərhad Molla-zadə və Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi başlanılıb. Cinayət işi Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin icraatına verilib.