SOCAR-ın birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Yusifzadə ilə vida mərasimi keçirilir.
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında keçirilən vida mərasimində mərhumun ailəsi və yaxınları ilə yanaşı, bir sıra dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları və media mənsubları iştirak edir.
AMEA prezidenti akademik İsa Həbibbəyli Xoşbəxt Yusifzadənin Azərbaycan neft sektoruna və ümumilikdə Azərbaycan elminə xidmətlərindən söz açıb.
“O, Azərbaycan üçün əvəzsiz xidmətlər göstərmiş dəyərli alim idi. Bu xidmətləri həm Ulu Öndər Heydər Əliyev, həm də cənab Prezident İlham Əliyev tərəfindən yüksək dəyərləndirilib”, – akademik əlavə edib.
Təhsil naziri Emin Əmrullayev də, öz növbəsində, Xoşbəxt Yusifzadənin Azərbaycan elminə verdiyi töhfələrindən bəhs edib: “Xoşbəxt müəllimin Azərbaycan neft sənayesinə, geologiya elminə verdiyi töhfələr həm indi, həm də gələcək dövr üçün Azərbaycan xalqına vətəndaşlarına xidmət göstərəcək. Bu mənada, Xoşbəxt müəllim Azərbaycan elmi üçün yüksək dəyərə malik şəxsiyyət idi. Allah rəhmət eləsin”.
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov isə Xoşbəxt Yusifzadə ilə dostluq münasibətlərindən danışıb: “Demək olar ki, hər gün rastlaşırdıq. O işdən evə piyada getməyi sevirdi. Dənizkənarı Bulvarda görüşür, söhbərləşirdik”.
Xatırladaq ki, Xoşbəxt Yusifzadə dünən gecə vəfat edib.
O, Fəxri xiyabanda dəfn olunacaq(apa).