REAL Partiyasının sədri İlqar Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı yaydığı məlumatları tənqid edib.
Azpost.info bildirir ki, İ.Məmmədov statistik rəqəmlərin uyğunsuzluğunu vurğulayıb.
“Koronavirusa qarşı kollektiv immunitet Azərbaycanda haçan yaranacaq? Bildiyiniz kimi, onun yaranması üçün əhalinin heç olmasa yarısı virusa yoluxmalıdır.
Elmi araşdırmalara əsasən, Azərbaycanda covid-19-a yoluxan hər 1 milyon adamdan ən azı 2730 nəfəri, ən çoxu isə 5150 nəfəri ölməlidir.
Operativ Qərargah deyir ki, ölkədə indiyədək virusdan 2575 adam ölüb. Yuxarıdakı nisbət ilə bunu geri hesablasaq, ən azı yarım milyon, ən çoxu isə 1 milyon insan artıq virusa yoluxmuşdur:
2575 x 1000000 / 2730 = 943224
2575 x 1000000 / 5150 = 500000
Amma Operativ Qərargah yoluxanların sayını cəmi 217000 kimi göstərərək özü öz rəqəmlərinin elmi əsaslı olmasını təkzib edir.
Yaranan vacib sual: Operativ Qərargah yoluxanların yarısından çoxunu, bəlkə də 80 faizini “görə” bilmirsə, onda o, ölənlərin neçə faizini görə bilir?
Sualın cavabını başqa rəsmi rəqəmlərdə axtaraq. Mart-oktyabr aylarında Azərbaycanda əvvəlki 5 ilin maksimum göstəriciləri ilə müqayisədə 4845 nəfər daha çox adam ölüb.
Nəzərə alaq ki, 44 günlük müharibənin ilk 35 günü ərzində ölkə təxminən 2245 nəfər şəhid verib (2823*35/44=2245). Şəhidləri ümumi saydan çıxaq. Qalır 2600 nəfər. Onların demək olar hamısının covid-19`a görə dünyasını dəyişməsi şübhəsizdir, çünki mart-oktyabr aylarında bu qədər əlavə ölüm sayı yaradacaq başqa amil yoxdur.
Operativ Qərargah isə deyirdi cəmi 730 nəfər ölüb mart-oktyabrda… Beləliklə, Operativ Qərargah yoluxma sayını 2-5 dəfə, ölüm sayını azı 3-5 dəfə daha az göstərir.
Təkcə noyabr və dekabr aylarında isə Operativ Qərargah 1845 nəfərin öldüyünü deyir. Operativ Qərargahın ifşa etdiyimiz xüsusiyyətini nəzərə alaraq, bu rəqəmi də 5 dəfə artırmalı və toplam olaraq Azərbaycanda indiyədək 13 min adamın covid-19`dən öldüyünü güman etməliyik: 2600+1300+9225=13125
Yuxarıda ikinci abzasda göstərdiyim nisbətləri 13 minə tətbiq edəndə məlum olacaq ki, ölkəmizdə 2,5 – 4,8 milyon adam virusa yoluxub. Deməli, kollektiv immunitet Azərbaycanda artıq yaranmaq üzrədir ya da yaranmışdır və xalqımız gərəksiz sərt karantinlərə baxmayaraq virusa kütləvi şəkildə yoluxaraq ona artıq qalib gəlmişdir.
Ya da bütün rəsmi rəqəmlər uydurma, tam cəfəngiyyatdır”.