Yanvar ayına gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, aparılmış çoxillik iqlim müşahidələrinə görə yanvar ilin ən soyuq ayıdır. Arktikadan soyuq hava kütlələrinin müdaxiləsi tez-tez baş verdikdə yanvar ayı nisbətən soyuq keçir. Çoxillik meteoroloji müşahidələrə görə Bakıda yanvar ayı üçün ən soyuq hava 1907-ci il yanvarın 24-də qeydə alınıb. Həmin gün havanın minimal temperaturu -11° təşkil edib.
Son 20 il ərzində 2008-ci ilin yanvar ayının 1-ci həftəsində atmosfer sirkulyasiyasında dəyişiklik baş verib, orta troposferdə bərqərar olunub, hava axınları çox soyuq olan Sibir antisiklonunun cənub enliklərindən hərəkət etməsinə şərait yaradıb. Həmin antisiklonun təsiri nəticəsində yanvar ayının 3-dən başlayaraq ölkə əraisində hava şəraiti kəskin dəyişib, anomal şaxtalı hava şəraiti bərqərar olub, temperatur iqlim normasından 10° aşağı enib və yanvarın 8-də -8.7° olub. Həmin il yanvarın 7-də Bakıda ən güclü qar qeydə alınıb. Sutka ərzində 30.0 mm yağıntı düşüb ki, bu da aylıq normanın 128 %-ni təşkil edir. Qar örtüyünün hündürlüyü Bakıda 44 sm qeydə alınıb.
Atmosfer proseslərinin inkişafında isti hava kütlələri üstünlük təşkil edəndə qış mülayim və qısamüddətli olur.
Bakı şəhərində ən yüksək temperatur 1979-cu ilin yanvar ayının 4-də qeydə alınıb və həmin gün havanın temperaturu müsbət 22.3° olub. Son 20 il ərzində isə 2007-ci il yanvarın 28-də və 2019-cu il yanvarın 16-da Bakıda havanın maksimal temperaturu 20.1° təşkil edib.