Yaponiya Müdafiə Nazirliyi ABŞ-da təlimlərdə iki hərbçinin həlak olduğunu təsdiqləyib

20 Fevral 2021 - 14:41

Fevralın 20-də Yaponiyanın müdafiə naziri Nabuo Kişi özünümüdafiə qüvvələrinin hərbi qulluqçusunun və ABŞ hərbi-hava qüvvələrinin təlimatçısının Alabama ştatında təlim təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olmaları barədə yayılan məlumatı təsdiqləyib.

Azərtac Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, həlak olanların ailələrinə başsağlığı verən N.Kişi bu xəbərin həqiqətə uyğun olduğunu bildirib. Nazir qeyd edib ki, Müdafiə Nazirliyi hazırda hadisənin başvermə səbəbini araşdırır və gələcəkdə bir daha belə faciənin baş verməməsi üçün lazım olan bütün addımları atacaq.

Qeyd edək ki, Kyodo agentliyi iki nəfərin təlim təyyarəsində həlak olması barədə xəbər yayıb. NHK telekanalının yaydığı məlumata görə isə, həlak olan yapon hərbçi ABŞ-da təcrübə keçirmiş.

Aviaqəzanın səbəblərinin istintaq başa çatandan sonra elan ediləcəyi qeyd olunur.