Gecə yaxşı yatmaq üçün yalnız rahat yataq və sakit otaq kifayət etmir. Yataq otağının havası da yuxunun keyfiyyətinə təsir edə bilər. Araşdırmalar göstərir ki, otaqda havalandırmanın zəif olması və karbon qazının səviyyəsinin yüksəlməsi yuxunun keyfiyyətini aşağı sala bilər.
Mütəxəssislər yataq otağında havanın uzun müddət qapalı qalmasının xüsusilə diqqətə alınmasını tövsiyə edirlər. 2024-cü ildə dərc olunan bir araşdırmada yataq otağında orta karbon qazı səviyyəsi 1000 ppm və daha yuxarı olduqda yuxunun bəzi göstəricilərinin pisləşdiyi müəyyən edilib. Tədqiqatda 750 ppm ilə müqayisədə 1000 və 1300 ppm səviyyələrində yuxu səmərəliliyi azalıb, oyaq qalma müddəti isə artıb.
Yatmazdan əvvəl otağı havalandırın
Bu səbəbdən yataq otağını yatmazdan əvvəl qısa müddətə havalandırmaq sadə, lakin faydalı vərdiş ola bilər. Əlbəttə, küçədə hava çirkli, çox səs-küylü və ya allergenlərin səviyyəsi yüksəkdirsə, pəncərəni açmaq hər zaman ən yaxşı seçim deyil.
Yataq otağında temperaturun həddindən artıq yüksək olması da rahat yuxuya mane ola bilər. Araşdırmalar göstərir ki, hava keyfiyyəti, temperatur, səs və işıq yataq mühitinin əsas amillərindəndir.
Telefonun işığı da önəmlidir
Yuxudan əvvəl otağın həddindən artıq işıqlı olması da diqqət tələb edən məsələdir. Evdə axşam saatlarında daha güclü işıqlandırma melatonin sisteminə təsir göstərə və oyaqlığı artıra bilər. Bir araşdırmada evlərin əhəmiyyətli hissəsində axşam işığının melatonin istehsalını nəzərəçarpacaq dərəcədə zəiflədə biləcək səviyyədə olduğu müəyyənləşdirilib.
Ona görə yatmağa yaxın:
- otağın işığını azaltmaq;
- televizor və telefon ekranından istifadəni məhdudlaşdırmaq;
- yataq otağını havalandırmaq;
- otağı həddindən artıq isti saxlamamaq;
- mümkün qədər sakit və qaranlıq mühit yaratmaq daha rahat yuxuya kömək edə bilər.
Yuxu problemi davamlı xarakter daşıyırsa, bunu yalnız otağın havası və ya işıqlandırma ilə əlaqələndirmək olmaz. Davamlı yuxusuzluq və digər əlamətlər zamanı həkimlə məsləhətləşmək lazımdır.