“Yeltsin olmasaydı respublikaların heç vaxt SSRİ-ni dağıtmağa gücü çatmazdı” –Mixail Qorbaçov

“Əgər Rusiyanın və Boris Yeltsinin mövqeyi olmasaydı digər respublikaların heç vaxt SSRİ-ni dağıtmağa gücü çatmazdı”.

Azpost.info bildirir ki, bu sözləri SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov “Rossiyskaya Qazeta”ya verdiyi  müsahibəsində deyib.

M.Qorbaçovun sözlərinə görə, SSRİ-ni yeniləmək, islahat aparmaq zəruri və mümkün idi: “Biz bu yolla gedirdik. Əgər bu prosesin bütün iştirakçıları məsuliyyətli olsaydılar, indi bizim həqiqətən suveren respublikalardan və güclü effektiv mərkəzdən ibarət dövlətimiz olacaqdı. Amma biz bunu edə bilmədik. Mən öz üzərimdən məsuliyyət yükünü atmıram.

Lakin mənim vicdanım təmizdir. Mən siyasi yollarla sona qədər SSRİ-ni qorunub saxlanması üçün çalışdım”.

Sabiq prezident proseslərdə heç də hamının məsuliyyətli mövqe nümayiş etdirmədiyini bildirib: “Məgər hamı bu məsuliyyəti dərk edirdi? Ələttə yox. Rusiya hökumətinin o zamankı rəhbərliyinin roluna toxunmaya bilmərəm. 1990-cı ildə RSFSR-in dövlət suverenliyi haqqında Deklarasiyanın qəbulundan başlamış 1991-ci il Belovejsk sazişinin təsdiq edilməsi haqqında Ali Sovetin qərarına qədər olan müddətdə bu hökumət bütünlüklə destkruktiv mövqe tutdu. Əgər Rusiyanın bu mövqeyi olmasaydı, digər respublikalardakı separatçıların heç vaxt SSRİ-ni dağıtmağa gücü çatmazdı”.

Qorbaçovun sözlərinə görə, həttaq QKÇP -dən sonra respublikaların qəbul etdikləri suverenlik deklarasiyalarına baxmayaraq onların əksəriyyəti ilə yeni konfedrativ dövlət yaratmaqla bağlı razılığa gəlmək olardı: “Danışıqlar çətin idi, amma müqavilə artıq hazır idi.  Burada da yeni zərbə vuruldu. Belovejsk sazişinə indi SSRİ-nin dağılmasının faciəli nəticələri barədə bar-bar bağıran kommunistlərin də daxil olduğu Rusiya Ali Sovetinin əksəriyyəti səs verdi”. 

SSRİ-nin sabiq prezidenti o zaman Rusiya prezidenti Boris Yeltsini “ikili oyun” oynamaqda ittiham edib: “Telekameralar qarşısında o deyirdi ki, İttifaqın tərəfdarıdır, gizlində isə demontaj prosesinə rəhbərlik edirdi. Yeltsin ona verilmiş vədlərə aldandı: Guya digər respublikalardan azad olan kimi Rusiya hamıdan tez inkişaf edəcək, islahatlar aparıb 1-2 ildən sonra firavan ölkəyə çevriləcək. Təəssüf ki, çoxları da onun arxasınca getdi. İnsanlar anlamırdılar ki, ölkələrini itirirlər. Heç kim İttifaqın müdafiəsinə qalxmadı”.

M.Qorbaçov SSRİ-ni güc tətbiq etməklə xilas etmək planını təhlükəli saydığını deyib. Onun sözlərinə görə, Belovejk sazişindən sonra Rusiya Ali Sovetinə, rəhbərliyə müraciət edərək bu faciəvi qərara səs verməməyə çağırsa da ona qulaq asmayıblar.  Bununla da inandırmaq üçün siyasi imkanlar bitib: “Güc tətbiq etmək olardımı? Son illərdə mənə bu sualı tez –tez verirlər. O vaxt olduğu kimi indi də əminəm: Bunu etmək olmazdı. Problemlərlə, münaqişələrlə, silahla yüklənmiş ölkədə bu riskə getmək olmazdı. Bu müharibə demək idi”.

M.Qorbaçovun fikrincə, SSRİ-ni öz fikirlərində asanlıqla “dəfn” edənlər sonrakı hadisələri təsəvvür belə edə bilmirdilər: “Rusiyada çoxları guman edirdi ki, MDB “Qorbaçovsuz ittifaq” olacaq, postsovet məkanında Rusiya dominantlıq edəcək və digər respublikalar bununla razılaşacaqlar. İkinci illyuziya: Hesab edirdilər ki, Rusiyanın dünyada SSRİ qədər siyasi çəkisi olacaq. Amma bu obyektiv cəhətdən belə mümkün deyildi”.

Sabiq prezidentin sözlərinə görə, nəticədə bərabərhüquqlu əməkdaşlıq imkanları itirildi: “Qərbi, xüsusən ABŞ-ı “soyuq müharibədə qələbə” eyforiyası bürüdü. Amma bu da illyuziya idi. Bir ölkənin və ya ölkələr qrupunun hakim olduğu dünya qurmaq alınmadı. İndi bu hamıya aydındır”. 

Azpost.info

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistanın sabiq Baş nazirindən sensasiyalı açıqlama:

Sonrakı məqalə

Mövlud Çavuşoğlu: