Yeni fəaliyyətə başlamış tibbi maska istehsalı fabriki təlabatı ödəyə biləcəkmi?

- Açıqlama
08 May 2020 - 15:00

“Sumqayıt Kimya Sənaye Parkında fəaliyyətə başlamış “Bakı Tekstil Fabriki” MMC-də gündəlik 100-120 min maska istehsal edilir. Növbəti həftənin sonuna qədər bu göstərici gündəlik 220 min olacaq”.

Bu barədə “Report”a şirkətin təsisçisi Səkinə Babayeva bildirib.

O qeyd edib ki, fabrikdə istehsal edilən maskaların korporativ şirkətlərə hələlik kiçik satışı həyata keçirilir: “Əsas məqsədimiz ehtiyacı ödəməkdir. Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat gözləyirik ki, hansı istiqamətdə ehtiyac varsa, həmin istiqamətdə işləyək. Dövlətlə qarşılıqlı anlaşma şəraitində maskaların satışı həyata keçiriləcək. Operativ Qərargah gündəlik maskaya təlabatı müəyyənləşdirməlidir. Ölkədə karantin qaydalarının tətbiq edildiyi ilk günlərində tibbi maskaya olan təlabat 200-250 min arası idi. Biz bu həcmi verməyə hazırıq”.

S.Babayeva bildirib ki, yeni avadanlıqların gətirilməsi ilə yaxın günlərdə daha bir istehsal xətti qurulacaq: “Bu isə bizə istehsalı artırmağa imkan verəcək”.

O, Azərbaycan istehsalı olan maskaların ixracı ilə bağlı məsələyə münasibət bildirərkən qeyd edib ki, müəssisənin ixrac potensialı böyükdür: “Lakin bizim əsas hədəfimiz ölkənin təlabatını qarşılamaqdır”.

Qeyd edək ki, aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı olub. İstehsalçıya İqtisadiyyat Nazirliyinin yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1,2 milyon manat güzəştli kredit verilib. Müəssisənin yaradılması üçün ümumi investisiya xərcləri 3,9 milyon manat təşkil edir.

Xatırladaq ki, ölkədə koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün tətbiq edilən karantin mayın 31-ə qədər uzadılıb. Yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Azərbaycan Respublikası ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Bakı Metropoliteninin fəaliyyətinin 9 may 2020-ci il saat 06.00-dan etibarən bərpa edilməsinə dair qərar verilib. Sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir.

Bununla yanaşı, ictimai nəqliyyatda da bu kimi qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilir.