“Yeni seçkilərin keçirilməsi qeyri-mümkündür” –

YAP-çı deputat
09 Avqust 2021 - 08:16

Son aylar cəmiyyətin bəzi kəsimlərində, sosial şəbəkələrdə payızda, yaxud ən geci gələn ilin yazında konstitusiya islahatlarına başlandığının bəyan ediləcəyi və bu xüsusda yeni parlament seçkilərinin keçiriləcəyi barədə fikirlər səslənir. Konstitusiya islahatları daxilində də daha çox proporsional seçki sisteminin bərpa ediləcəyi ehtimallar sırasındadır.

Belə fikirlərin əsası varmı? Ölkədə konstitusiya islahatları aparılmalıdrmı, aparılmalıdrsa necə?

Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlardan Məlahət Həsənova parlament seçkilərinin keçirilməsi barədə xəbərləri şayiə adlandırıb.

Onun fikrincə, Eldəniz Səlimov olayından sonra müəyyən qüvvələr çalışırlar ki, hakimiyyətin qanunverici orqanı olan Milli Məclisi gözdən salsınlar. Məlahət Həsənova yeni seçkilərin keçirilməsi sualına “qətiyyən qeyri-mümkündür” deyə reaksiya verərək əlavə edib ki, 2020-ci ildə Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib və indiki qanunverici orqan qısa müddətdə xeyli təqdirəlayiq işlər görüb: “Milli Məclis beynəlxalq əlaqələrin inkişafında, pandemiya dövründə, 44 günlük vətən müharibəsində (İkinci Qarabağ müharibəsi ) həm qanunvericlik, həm də əhaliylə təmaslarda bütün istiqamətlərdə səmərəli işlər aparıb. Ona görə də müəyyən qüvvələrə aparılan işlər sərfəli deyil. Bu mənada 1 il əvvəl növbədənkənar seçkilərin keçirildiyi halda yeni seçkilərin keçirilməsi qeyri-mümkündür”.