Yer üzündə həyatın məhv olması çox uzaq gələcəyin hadisəsi kimi görünsə də, alimlər planetimizin zamanla necə dəyişəcəyini araşdırmaqda davam edirlər. Son tədqiqatlardan birində mütəxəssislər Yerin nə vaxt əksər canlılar üçün yaşanmaz hala gələcəyini və bu prosesdə Günəşin hansı rolu oynayacağını müəyyənləşdirməyə çalışıblar.
Azpost.info bildirir ki, bu barədə Wionews nəşri yazıb.
Yer nə vaxt yaşamaq üçün yararsız olacaq?
Alimlərin hesablamalarına görə, Yer üzündə mövcud ekosistemlər təxminən 1,8 milyard il daha mövcud ola bilər.
Bundan sonra Günəş tədricən daha parlaq və daha isti olacaq. Nəticədə Yer səthində temperatur sürətlə yüksələcək və bu, hazırkı formada həyatın davam etməsini mümkünsüz edəcək.
Tədqiqatçıların fikrincə, ilk olaraq bir çox bitki və heyvan növləri yox olacaq. Daha sonra okeanlar buxarlanmağa başlayacaq, atmosferdəki karbon qazının (CO₂) miqdarı isə o qədər azalacaq ki, hətta ən davamlı bitkilər belə yaşaya bilməyəcək.
Yeni iqlim modeli hazırlanıb
Mümkün dəyişikliklərin vaxtını daha dəqiq müəyyən etmək üçün Kolorado Universitetinin (Boulder) alimləri Blue Marble Space şirkətinin mütəxəssisləri ilə birlikdə yeni üçölçülü iqlim modeli hazırlayıblar.
Əvvəlki modellərdən fərqli olaraq, bu sistem yalnız temperaturu deyil, həm də buludların təsirini, yağıntıları, okean proseslərini, atmosfer dövranını nəzərə alıb. Bu isə Yerin gələcəyi barədə daha real proqnoz əldə etməyə imkan verib.
Alimlər iki ssenarini araşdırıblar
Model çərçivəsində iki əsas inkişaf ssenarisi nəzərdən keçirilib.
Birinci ssenariyə görə, zaman keçdikcə süxurlar atmosferdəki karbon qazını daha çox udacaq və nəticədə CO₂ səviyyəsi davamlı azalacaq.
İkinci ssenaridə isə karbon qazının miqdarı nisbətən sabit qalsa da, Günəşin parlaqlığının artması planetin daha da isinməsinə səbəb olacaq.
Fərqli yanaşmalara baxmayaraq, hər iki model eyni nəticəni göstərib: təxminən 1,8 milyard ildən sonra Yerin iqlimi o qədər ekstremal olacaq ki, müasir canlı növlərinin böyük əksəriyyəti burada yaşaya bilməyəcək.
Alimlər bildirirlər ki, bu nəticə əvvəlki bəzi araşdırmalarla müqayisədə daha nikbindir. Çünki əvvəlki proqnozlarda belə şəraitin daha erkən yaranacağı ehtimal edilirdi.
Ən son hansı canlılar sağ qala bilər?
Araşdırma müəllifləri hesab edirlər ki, ən uzun müddət yaşaya biləcək canlılar uzunmüddətli quraqlığa və yüksək temperatur şəraitinə uyğunlaşmış bitkilər olacaq.
Bu baxımdan kaktuslar və minimum su ilə yaşaya bilən digər bitki növləri əsas namizədlər hesab edilir.
Proqnoz qəti deyil
Tədqiqatçılar vurğulayırlar ki, əldə edilən nəticələri son hökm kimi qəbul etmək olmaz.
Hazırlanan model milyardlarla il ərzində canlıların təkamülünü və yeni şəraitə uyğunlaşmasını nəzərə almır. Bundan əlavə, gələcəkdə bəşəriyyətin elmi və texnoloji inkişafı da Yer üzündə həyatın davam etməsinə təsir göstərə bilər.
Mütəxəssislər istisna etmirlər ki, milyonlarla il ərzində bitkilər və digər canlılar yeni şəraitə uyğunlaşa, elm və texnologiyanın inkişafı isə planetimizin gələcəyini gözlənilməz şəkildə dəyişə bilər.
N.Talıbov