İqtisadiyyatı əsasən turizmdən asılı olan Yunanıstan koronavirus məhdudiyyətlərinin tədricən qaldırılması çərçivəsində xarici qonaqları cəlb etmək üçün bazar ertəsi kafe və restoranların açılmasına icazə verib.
On il davam edən maliyyə böhranından son bir-iki ildir çıxan və koronavirus səbəbindən iqtisadiyyatı demək olar ki, tamamilə dayanan ölkə böhrandan turizm sayəsində çıxa biləcəyinə ümid edir.
Masaların bir-birindən uzaq məsafədə yerləşdirildiyi restoran və kafelərdə maskalı ofisiantlar təxminən iki ay təcrid vəziyyətində olan və nəhayət yemək və bir fincan qəhvə içmək istəyən çox sayda yunana xidmət göstərib.
“Biz bunun üçün darıxmışıq. Bu bizim üçün psixoloji terapiyadır. Əlbətdə, bu çox vacibdir” – deyə, Afinadakı kafelərdən birindəki Katerina Stravaridi bildirir.
Bu günə qədər ölkədə COVID-19-a yalnız 2.878 yoluxma, 171 ölüm halı qeydə alınıb. Bu rəqəmlər digər Avropa Birliyi ölkələri ilə müqayisədə xeyli azdır, belə ki, buna Yunanıstanın mart ayında ümummilli təcridi çox tez bir zamanda tətbiq etməsi səbəb olub.
“Yunanıstan açıq və təhlükəsizdir. Bura hər bir insanın tətil zamanı sağlamlığını təmin edə biləcəyi bir yerdir ” – deyə, Afina şəhərinin meri Kostas Bakoyannis bildirib.
Bütün Yunan adalarına səyahətlər bazar ertəsindən bərpa edilib. Bərələrdən istifadə edən sərnişinlərin sayı 50 faizə endirilib. Ölkə iyun ayının 1-dən mehmanxanaları da açmağı planlaşdırır.