Yunis Səfərov məhkəməyə ifadə verməkdən imtina edib

16 Oktyabr 2020 - 16:21

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı və polis əməkdaşına qarşı terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov və daha 11 nəfər məhkəmədə ifadə verməkdən imtina edib.

Onların ifadə verməkdən imtina etməsinin səbəbi jurnalistlərin prosesə buraxılmaması olub. “Tələbim odur ki, məhkəmənin açıqlığı prinsipinə əməl olunsun, jurnalistlər buraxılsın. Adi mikrofon da yoxdur ki, səsimi zaldakılar, vəkillər eşitsin,”- Səfərov məhkəmədə deyib.

Hakim jurnalistlərin məhkəmə prosesinə buraxılmamasını COVİD-19 pandemiyası ilə əsaslandırıb.

Bu iş üzrə normal istintaq aparılmadığını deyən təqsirləndirilən şəxs Firudin Zeynalov cinayət işinin materiallarının təkrar araşdırma üçün prokurorluğa qaytarılması barədə də vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin etməyib.

Proses oktyabrın 20-nə təxirə salınıb.

Rəsmi məlumata görə Səfərov və daha 11 nəfər Gəncə şəhər icra hakimiyyətinin keçmiş başçısı və mühafizəçisinin güllələnməsinə görə mühakimə olunur.

Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin əksəriyyəti 10 iyulda baş verənlərə görə kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və başqa əməllərdə suçlanıb. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılaraq 2-5 ilə salınıb, azadlığa buraxılanlar olub. (Amerikanın Səsi)