Yuxarı ətrafları amputasiya olunmuş qazilər üçün yüksək texnologiyalı protezlər gətirilib –

FOTO
23 Sentyabr 2021 - 11:35

Yaxın günlərdə ölkədə ilk dəfə yuxarı ətrafları amputasiya olunmuş qazilərin yüksək texnologiyalı protezlərlə təminatı prosesinə başlanılacaq. Artıq bu məqsədlə İslandiyanın ÖSSUR şirkətinin istehsal etdiyi protezlər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə gətirilib.

Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru Asif Məcidov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ilkin mərhələdə Mərkəzdə Vətən müharibəsində yuxarı ətraflarını itirmiş 10 qazi, ümumilikdə isə 29 qazi yüksək texnologiyalı protezlərlə təmin ediləcək: “Bunun üçün ÖSSUR şirkətinin Rusiya nümayəndəliyinin mütəxəssisləri ilə birgə həmin qazilərdən müvafiq ölçülər götürülüb. Protez-ortopedik sənaye sahəsində ən qabaqcıl texnologiyaya malik olan şirkət yuxarı ətrafları amputasiya olunmuş insanlar üçün yüksək funksionallıq və proqram təminatı ilə fərqlənən ən müasir bionik protezlərin istehsalını həyata keçirir. ÖSSUR Touch Bionics protezlərinin xüsusi proqram təminatı istifadəçinin sosial həyata daha tez və rahat inteqrasiyasına imkan yaradır. ÖSSUR i-Limb Ultra bioelektrik əl darağının 18 fərqli tutma variantı mövcuddur, komplektə istifadəçinin seçiminə uyğun fərqli rəng və ölçülərə malik 6 silikon əlcək da daxildir”.

A. Məcidovun sözlərinə görə, qazilərin 2020-ci ilin dekabr ayından yüksək texnologiyalı elektron protezlərlə təminatına başlanılıb: “Ölkənin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə aşağı ətraflarını itirmiş 142 hərbçi son nəsil protezlə təmin edilib”.