Zəngəzur Milli Parkında iki bala bəbirin görüntüləri qeydə alındı –

VİDEO
29 Dekabr 2019 - 18:12

Həsən Əliyev adına Zəngəzur Milli Parkında daha iki bala bəbirin video görüntüləri qeydə alınıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.

Görüntülər  ETSN, İDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdikləri birgə layihə çərçivəsində quraşdırılmış foto-video tələlər vasitəsilə 2019-cu ilin noyabr-dekabr aylarında əldə edilib.

Son illər ərzində Zəngəzur Milli Parkında altı bəbir balası müşahidə olunub.

“Sevindiricidir ki, görülən mühafizə tədbirləri nəticəsində Azərbaycan ərazisində nadir fauna növü olan bəbirlərin sayı artır. 2012-ci ildən bugünədək aparılan monitorinqlər zamanı Zəngəzur milli parkında 13, Hirkan milli parkında isə 9 bəbir qeydə alınıb. Dəfələrlə qeydə alınan bəbir görüntüləri xüsusi mühafizə olunan təbiət ərazilərində heyvanat aləminin mühafizəsi tədbirlərinin gücləndirilməsindən, maarifləndirmə işlərinin aparılmasından, bəbirin qida obyektləri olan bezoar keçi, muflon kimi heyvan növlərinin sayının artması üçün vacib olan təhlükəsiz şəraitdən xəbər verir”, – deyə ETSN-nin məlumatında qeyd olunub.