Zakir Həsənov Türkiyənin yüksək səviyyəli hərbi nümayəndə heyəti ilə görüşüb- FOTO

Noyabrın 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Baş Qərargahının ikinci rəisi korgeneral Metin Gürakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, ölkələrimiz arasında münasibətlərin dostluq və qarşılıqlı inam üzərində qurulduğunu xatırladan Müdafiə naziri bildirib ki, Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində Türkiyə ilə əməkdaşlığı genişləndirir və bu bölgədəki sabitliyi təmin edən əsas amillərdəndir.

Türkiyə xalqının rifahı uğrunda terrorçuluqla mübarizədə şəhid olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyən Müdafiə naziri separatizmə qarşı mübarizə aparan ölkə olaraq Azərbaycanın Türkiyəni tam dəstəklədiyini diqqətə çatdırıb.

Müdafiə naziri Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın ikitərəfli əsasda və NATO tərəfindən həyata keçirilən proqramlar çərçivəsində aparıldığını qeyd edib. Nazir, dostluq və qardaşlıq münasibətləri üzərində qurulan Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı daim inkişaf etdiyini xüsusi vurğulayıb.

Korgeneral M.Gürak də öz növbəsində ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrindən, o cümlədən səmərəli əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib. Qonaq Azərbaycan və Türkiyə hərbçilərinin Bakıda növbəti görüşünün təşkilinə görə general-polkovnik Z.Həsənova minnətdarlığını bildirib.

Ölkələrimizin yerləşdiyi regionda baş verən son hadisələrin müzakirə olunduğu görüşdə Azərbaycan-Türkiyə ikitərəfli formatında, həmçinin Pakistan, Gürcüstan, eləcə də türkdilli dövlətlərin müxtəlif qoşun növlərinin, o cümlədən xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi ilə birgə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə hərbi qulluqçuların qarşılıqlı səfərlərinin təşkili və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qərb ölkələri erməni terroruna münasibət bildirmirlər”

Sonrakı məqalə

Lavrov: