Ukrayna Prezidenti Volodimir Zelenski yaxın günlərdə ABŞ-a səfər edəcəyini və bu çərçivədə bir sıra mühüm görüşlər keçirəcəyini açıqlayıb.
Azpost.info xəbər verir ki, bu barədə Zelenski jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, səfər zamanı ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və iş adamı Cared Kuşnerlə görüşün baş tutacağı gözlənilir.
“Bizim görüşümüz olacaq. Çox güman ki, ABŞ-da görüşəcəyik. Bizi dəvət ediblər və hesab edirəm ki, görüş yaxın günlərdə, ən geci bir həftə ərzində keçiriləcək”, – deyə Zelenski bildirib.
Ukrayna lideri qeyd edib ki, çərşənbə günü Uitkoff və Kuşnerlə telefon danışığı zamanı Ukraynadakı münaqişənin başa çatdırılması ilə bağlı ABŞ tərəfindən irəli sürülən müxtəlif təkliflər müzakirə olunub.
Zelenski səfər çərçivəsində ABŞ-ın müdafiə sənayesinin aparıcı şirkətlərindən olan Lockheed Martin nümayəndələri ilə də görüşməyi planlaşdırdığını açıqlayıb. Şirkət Ukraynanın hava hücumundan müdafiəsində istifadə olunan Patriot zenit-raket kompleksləri üçün raketlər istehsal edir.
Səfərin əsas mövzularının Ukraynaya hərbi dəstək, hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi və münaqişənin nizamlanması ilə bağlı ABŞ-ın yeni təşəbbüsləri olacağı gözlənilir.