Zelenski ilə Bayden arasında görüşdə hansı məsələlər əsas müzakirə mövzusu olub?

02 Sentyabr 2021 - 10:03

Ağ Evdə ABŞ və Ukrayna prezidentləri Co Baydenlə Vlodimir Zelenski və nümayəndə heyətləri arasında görüş iki saat davam edib.

“Ukrayna 24” telekanalı xəbər verir ki, protokola əsasən görüşün 45 dəqiqə davam edəcəyi açıqlanıb.

Görüşdə iki ölkə arasında vacib sahələr üzrə strateji tərəfdaşlığın vacibliyi vurğulanıb. Co Bayden bildirib ki, ABŞ Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə inandırıcı şəkildə sadiq qalmaqdadır. “Ukraynanın Avroatlantik istəklərinə dəstəyimiz sarsılmaz olaraq qalır. ABŞ Ukraynanın demokratik islahatlara və Avropaya inteqrasiyaya nail olmağa doğru siyasətini də dəstəkləyir”, – deyə Bayden əlavə edib.

Bayden, həmçinin növbəti dəfə Ukraynaya səfər etmək istəyini də açıqlayıb: “”Bir neçə il əvvəl Ali Radada çıxış etmək imkanımı xatırlayıram. Ümid edirəm ki, yenidən Ukraynaya səfər etmək imkanı qazanacağam”, – deyə ABŞ Prezidenti qeyd edib.

Görüşdə Ukraynanın təhlükəsizlik və müdafiə, demokratiyanın inkişafı, insan haqlarının qorunması, kibercinayətkarlığa qarşı birgə mübarizə, münaqişənin həlli məsələləri əsas müzakirə mövzusu olub.

Müzakirələrdən sonra birgə bəyanatda qeyd olunub ki, ABŞ 2021-ci ildə Ukraynaya demokratiyanın inkişafına, insan haqlarının qorunmasına, məhkəmə sistemində islahatların aparılmasına daha 463 milyon dollar yardım ayıracaq.