Zelenski NATO sammitində çıxış edib- Ukraynaya hərbi yardımı artırmağa çağırıb

Ukrayna prezidenti Vladimir Zelenski Madriddə keçirilən NATO sammitində videokonfrans vasitəsilə çıxış edib.

Azpost.info xəbər verir ki, o, NATO dövlətlərini Rusiyanın Ukraynanın dinc şəhərlərinə qarşı terrorunu dayandırmağa çağırıb.

O qeyd edib ki, artıq 4 aydan artıqdır davam edən müharibə uzanmamalı, ona görə də Ukraynaya daha çox silah, xüsusən də müasir artilleriya verilməlidir.

Zelenski deyib ki, NATO-nun da açıq qapı siyasəti Kiyev metrosunun köhnə turniketlərinə bənzəməməlidir: “Onlar açıqdır və siz gələndə turniketlər ödəniş edənə qədər bağlanır. NATO-nun şərq cinahı anlayışına yenidən baxılmalıdır. Təsadüfi deyilmi ki, alyansın şərqdəki bütün ölkələri, bütün qonşularımız Ukraynanın NATO-ya üzvlüyünün tərəfdarıdırlar? Xeyr, bu, təsadüfi deyil. Bu, məntiqlidir. Bizim həm Avropanın, həm də bütün sivilizasiyanın qorunmasına töhfəmiz hələ də yetərli deyilmi? Bəs başqa nə lazımdır? Bizə lazım olanı deyə bilərəm: bizə təhlükəsizlik zəmanətləri lazımdır və siz ümumi təhlükəsizlik məkanında Ukraynaya yer tapmalısınız”.

Zelenski qeyd edib ki, Ukraynaya mülki sakinlərini Rusiyanın raket hücumlarından və bombardmanlarından qorumaq üçün müasir raket və hava hücumundan müdafiə vasitələri də lazımdır: “Onları bizə təqdim etməklə siz Rusiyanın şəhərləri dağıtmaq və dinc əhaliyə qarşı terror etmək taktikasını tamamilə qıra bilərsiniz. Kiyevdən Madridə qədər olan məsafə bizə qarşı istifadə olunan o raketlərin uçuş məsafəsindən azdır. Bir dövlət tərəfdaşların köməyi olmadan belə bir təhlükəyə necə cavab verə bilər?”.

Ukrayna lideri Kiyevi təkcə silahla deyil, həm də maliyyə və sanksiyalarla dəstəkləməyə çağırıb: “Rusiyaya qarşı elə sanksiyalar tətbiq olunsun ki, onun müharibə üçün ödəmə qabiliyyətini dayandırsın”.

Azpost.info

Əvvəlki məqalə

Prezident İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının VI Zirvə Toplantısında

Sonrakı məqalə

Azərbaycanda daha 36 nəfər COVID-19-a yoluxub