“Zorən kimyaçılar”-

Komputer ixtisasını seçənlər niyə kimyadan imtahan verməlidir?
09 Sentyabr 2021 - 12:25
Bu il təxminən 5000 nəfər İT və kompüter ixtisası üzrə ali məktəblərə qəbul olub. Yəni, 5000 şagird son iki ildə informatikanı bir kənara tullayaraq məcburən kimya öyrənib ki, İT ixtisasa qəbul ola bilsin. Çünki bizim Qəbul qaydalarına görə İT və kompüter ixtisasını seçənlər İnformatika əvəzinə Kimyadan imtahan vermək məcburiyyətindədir.
Zorən kimyaçılar artıq arzularına çatıblar. Artıq bu gündən sonra 5000 nəfər İT yönümlü tələbəmizə kimya lazım olmayacaq. Necə iki il ərzində İnformatikanı kənara atmışdılar, indi də Kimyanı birdəfəlik kənara atacaqlar.
Amma son iki ildə İnformatikanı da öyrənmədiyindən universitetlərdə bu sahə üzrə bilik və bacarıqları mənimsəmək onlar üçün ciddi problemə çevriləcək.
Qonşu ölkələrdə şagirdlərə aşağı siniflərdən başlayaraq İnformatika sahəsində əsas anlayışlar, alqoritmlər və kodlaşdırma öyrədilir. Rəqəmsal bacarıqlar aşılanır. İT və kompüter ixtisası seçənlər qabaqcadan bu istiqamətdə təmayülləşir. Ali məktəblərə qəbul üçün bu sahə üzrə bilik və bacarıqlar əsas götürülür.
Yəni digər ölkələrlə müqayisədə, bizdə İT və kompüter sahəsində ali məktəblərə qəbul olunan tələbələrin start vəziyyətləri “İnformatika, yoxsa kimya” problemi ucbatından kəskin dərəcədə fərqlənir.
Biz İT sahəsi üzrə irəli getmək istəyən uşaqları sanki tutub saxlayırıq, onun belinə əlavə KİMYA yükü də yükləyirik, məktəbin və valideynin resurslarını fərqli istiqamətə yönləndiririk ki, uşaq İT üzrə irəli gedə, üstün mövqe qazana bilməsin. Hansı ki, kimya üzrə biliklər bir də heç vaxt ona lazım olmayacaq.
Nəticədə isə universitetlərdə İT sahəsi üzrə ali təhsilin keyfiyyətində ciddi problemlər yaranır. Universitetlərdə İT sahəsi üzrə təhsilin keyfiyyətində problemlər həm də məhz bu səbəblə bağlıdır.
Nə vaxtadaək bu problem davam edəcək ?
DİM deyir ki, İnformatikadan imtahan olsa hamı kəsiləcək, odur ki, gərək TN məktəblərdə İnfromatikanın tədrisini qaydaya salmalıdır.
Dərhal qeyd etmək istərdim ki, son illərdə İnformatika sahəsində əldə olunan uğurlar, TN-nin MİQ sahəsindəki uğurlu addımları DİM-in bu arqumentinin elə də ciddi olmadığını göstərir.
DİM-in bu problemin həlli istiqamətindəki səylərini heç bir halda yetərli hesab etmək olmaz.
Yalnız bir halda bu məsələ müzakirə mövzusu ola bilər ki, qəbulda mövcud status-kvonun dəyişməsi üçün böyük resurslar gərək olsun , hansı ki hökumət də bu resursları DİM-ə ayırmaqdan imtina etsin.
TN də deyir ki, DİM gərək İnformatikadan imtahan salsın ki, məktəblərdə, valideynlərdə və uşaqlarda İnformatikaya diqqət daha da artsın.
Son zamanlar hiss olundu ki, TN bu istiqamətdə nəsə etmək istəyir. Lakin görünən odur ki, onun da mövcud Qaydaları dəyişdirməyə hələlik gücü çatmayıb.
Ümumiyyətlə, bizim bu istqiamətdəki araşdrımalarımız onu deməyə əsas verir ki, görünür ki, bu problemin daha dərin kökləri var.
Hətta bəzən belə fikirlər səslənir ki, son illərdə, ölkədə aparılan islahatlar, innovasiyalara diqqət, rəqəmsal transformasiya, dördüncü sənaye inqilabının çağırışalrına cavab verən müəyyən addımların atılmasına baxmayaraq bu problemin həllinə diqqət yetirilməməsində maraqlı olanlar da var.
Onda buradan şübhələnmək üşün əsaslar da yaranır ki, kimlərsə maraqlı olub ki, ölkədə güclü İT təbəqə formalaşmasın , bu sahədə bacarığı və marağı olan uşaqlar elə yerindəcə məhv edilsin.
Fikrimcə isə, problemin uzun illər həll olunmaması hökumətin bu sahəyə yetərincə laqeyd münasibətinin nəticəsidir.
Artıq DİM-ə və TN-ə bu istiqamətdə müraciət etməkdən yorularaq innovasiya və rəqəmsal sektorun inkişafına cavabdeh olan qurumlara- NRYTN və ASAN-a, İT təhsil verən Universitet rəhbərlərinə, Prezident Administrasiyasının müvafiq bölmələrinə müraciət edirəm ki, indidən bu problemin həlli istiqamətində birgə səylər gücləndirilsin ki, növbəti ildən təhsil qurumları, məktəblər ,valideynlər və uşaqlar öz işlərini bilsinlər.
Osman Gündüz
Azərbaycan İnternet Forumunun prezidenti