“Ədalət Vəliyev Müsavat Partiyasına Azərbaycan hakimiyyətinin minnətdarlığını çatdırdı”-

Arif Hacılı PA rəsmisi ilə söhbətindən yazdı
20 Dekabr 2020 - 13:36
“Bu günlərdə Prezident Aparatının şöbə müdiri Ədalət Vəliyevlə telefon danışığımız olub. Ədalət Vəliyev 44 günlük müharibə dövründə ölkədə milli birlik mühitinin yaranmasında Müsavat Partiyasının xüsusi rolu olduğunu qeyd edib”.
Azpost.info bildirir ki, bu sözləri Müsavat başqanı Arif Hacılı Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə görüşünü şərh edərkən deyib.
“Müharibə günlərində və ondan sonrakı dövrdə irəli sürdüyümüz təkliflərin əsasən qəbul olunub həyata keçirildiyini, bu təkliflərin düşmən üzərində qələbəmizə əhəmiyyətli töhfə verdiyini bildirib. Bütün bunlara görə mənə və Müsavat Partiyasına Azərbaycan hakimiyyətinin minnətdarlığını çatdırıb”.
A.Hacılı qeyd edib ki, telefon danışığında Qarabağ bölgəsində indi yaranmış mürəkkəb vəziyyət və bu vəziyyətdən çıxış yolları, həmçinin həmrəylik mühitinin davam etdirilməsi barədə müzakirələrimiz olub.
“Milli birlik mühitinin davam etməsi üçün hakimiyyətin atmalı olduğu addımlar barədə konkret təkliflər verdim. Qarşımızda duran vəzifələrdən biri kimi daxili və xarici siyasətdə ciddi dəyişikliklərin zəruriliyi barədə fikirlərimi çatdırdım. Bu məsələr barədə irəli sürdüyümüz və mətbuatda yayılan təkliflərimizi diqqətə almalarını təklif etdim” –deyə Müsavat başqanı vurğulayıb.