Əhməd şah Məsudun oğlu Pəncşirdə “Taliban” qüvvələrini darmadağın edib

30 Avqust 2021 - 14:25

Əfqanıstanda əfsanəvi səhra komandiri Əhməd şah Məsudun oğlu Əhməd Məsudun başçılıq etdiyi qüvvələr Pəncşir vadisinin yaxınlığında “Taliban” qüvvələrini darmadağın ediblər. Bu barədə Pəncşir müqavimət hərəkatının sözçüsü Fahimi Dəşti “Sputnik Tacikistan” agentliyinə bildirib.

Onun sözlərinə görə, tərəflər arasında toqqişma qonşu Baqlan vilayətinin Əndərab rayonunda baş verib. Fahimi Dəşti deyib ki, Tuqrəli Əndərabın komandanlıq etdiyi müqavimət qüvvələri Hovak-Pəncşir marşrutu üzrə Sarab dərəsinə taktiki geri çəkilmə manevri ediblər. Bununla da “Taliban” yaraqlılarını tələyə salıblar.

“Taliban” yaraqlıları “geri çəkilənləri” təqib edib və Pəncşir vadisinin müdafiə xəttinə çıxmağa çalışıb. Lakin pusquya düşüblər və azı 10 döyüşçü itirərək geri çəkiliblər. 50-dən çox talibin yaralandığı bildirilir.

Əndərab Pəncşir vadisinə aparan ən asan və açıq yollardan birinin keçdiyi rayondur. Hazırda bu rayona “Taliban” nəzarət edir.