Lənkəranda qətl törətməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Heydər Əlilinin cinayət işi üzrə kassasiya şikayətinə baxılıb.
Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin sədrliyi ilə keçirilən iclasda qərar elan edilib.
Qərara görə, onun şikayəti təmin edilməyib.
Lənkəran rayonu Aşağı Nüvədi qəsəbə sakini, 1997-ci il təvəllüdlü Şadman Balayev Heydər Əlilinin bacısına “Watsapp”dan tanışlıq məzmunlu “SMS” mətnləri göndərib.
Heydər Əlili bundan bacısının əri vasitəsi ilə xəbər tutub. O, qisas almaq niyyəti ilə Şadman Balayevi öldürmək qərarına gəlib. Bu məqsədlə 29 yanvar 2019-cu il tarixdə saat 9 radələrində bacısının ərindən Şadman Balayevin Bakı şəhərinə getmək üçün Lənkəran şəhərində “Ləvəngi dairəsi” adlanan ərazidə yerləşən avtovağzalda olduğunu öyrənib.
Evdən bıçaq götürən Heydər Əlili niyyətini bacısının ərindən gizlədib və avtovağzala gəlib. O, Şadman Balayevin avtovağzalın girişində dayandığını görüb. Heydər Əlili Şadman Balayevə tərəf qaçıb. Bunu görən Şadman Balayev qaçmaq istəyib. Heydər Əlili Şadman Balayevi “Xan Lənkəran” restoranına qədər təqib edib və orada qarşısını kəsərək təpikləyib.
Sonra o, Şadman Balayevə bir neçə bıçaq xəsarəti yetirib. Şadman Balayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
İstintaq orqanı tərəfindən Heydər Əlilinin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Heydər Əlili 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan zərərçəkmişin hüquqi varisi, atası Nail Balayev apelyasiya şikayəti verib.
O qeyd edib ki, oğlunu qətlə yetirməyə Heydər Əlilini bacısının əri Ramin Abdullayev təhrik edib.
Hüquqi varis Ramin Abdullayevin məsuliyyətdən kənarda qaldığını, onun da məsuliyyətə cəlb olunmasını, Heydər Əlilinin isə cəzasının ağırlaşdırılmasını istəyib. (oxu.az)
Şikayət araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elşad Əliyevin sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib. Mərhum Şadman Balayevin hüquqi varisi tərəfindən verilən şikayət təmin olunmayıb.