Ərdoğan Aralıq dənizindəki axtarış-kəşfiyyat işlərinə də ümidlə yanaşdığını bildirib

24 Avqust 2020 - 23:42

“Aralıq dənizindəki axtarış-kəşfiyyat işlərinin də müsbət nəticələri olacağına, xalqımıza daha bir müjdəli xəbər verəcəyimizə inanıram”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hər həftənin əvvəli nazirlərlə keçirdiyi növbəti toplantıdan sonra verdiyi açıqlamada belə bildirib.

Qara dənizdə kəşf edilən təbii qaz yatağında kəşfiyyat işlərinin davam etdirildiyini vurğulayan Prezident bildirib ki, görülən işlər faydalı mənbənin daha böyük olacağına ümid verir.

R.T.Ərdoğan deyib ki, Qara dənizdə kəşf edilən təbii qaz yatağı Türkiyədə əhalinin istifadəsinə verilərkən təbii qazın ucuzlaşmasından həm evlərdə, həm də sənayedə qaz istehlakçıları faydalanacaq.

Qeyd edək ki, 20 iyul 2020-ci il tarixindən Türkiyənin “Fatih” qazma gəmisi “Tuna 1” yatağında kəşfiyyat işləri aparır. “Tuna 1” yatağının ehtiyatları 320 milyard kubmetr həcmində dəyərləndirilir.