Görkəmli azərbaycanlı alim, professor Aygün Attar Türkiyə Prezident Administrasiyasının təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü təyin olunub.
Prezident Rəcəb Tayyib Ərdoğanın bu barədə qərarı Türkiyənin “Resmi Gazete”sinin bugünkü nömrəsində dərc olunub.
Qeyd edək ki, Azərbaycanın Qubadlı rayonunda anadan olan Aygün Attar 1986-cı ildə Bakı Dövlət Universitetini bitirib, 1993-cü ildə Rusiya Elmlər Akademiyasının tarix şöbəsində doktorluq dissertasiyasını müdafiə edib.
Ömrünün 30 ilini Türkiyədə yaşayan soydaşımız 2012-2016-cı illərdə Türkiyənin Girəsun Universitetinin rektoru olub. Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərən professor ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlara həsr olunmuş bir çox məqalənin müəllifidir.
Davamlı elmi yaradıcılıqla bərabər, diaspor işləri ilə də fəal şəkildə məşğul olan professor Aygün Attar Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədridir.
Yeni təyinatı Azərbaycana göstərilən hörmət və ehtiram kimi dəyərləndirən professor Aygün Attar deyib: “Vəzifə məqsəd deyil, xalqa və dövlətə xidmət üçün vasitədir. Bundan sonra da Azərbaycan və Türkiyənin maraqları naminə fəaliyyətimi uğurla davam etdirəcəyəm”.