Ərdoğanın Moskva səfəri –

PUTİN AMERİKANIN DOSTLARINI NECƏ ÖZ MÜTTƏFİQİNƏ ÇEVİRİR? (TƏHLİL)  
01 Sentyabr 2019 - 21:51

Ötən həftə Rusiya aviasiyası Suriyanın İdlib vilayətində Türkiyənin konvoyuna zərbə endirib. Bu da tələfata səbəb olub. Nəticələr necə olub?

Jurnalist Devid Varşavski  (Dawid Warszawski) “Gazeta Wyborcza” nəşrində  bu suala aydınlıq gətirməyə çalışıb.

Məqalə müəllifi xatırladır ki, çərşənbə axşamı Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Moskvaya tez-tələsik səfər edib, Rusiya ilə əməkdaşlığın (o cümlədən hərbi əməkdaşlığın) möhkəmlənməsindən danışıb.

Türkiyə NATO üzvüdür. Hər iki ölkə Suriyada münaqişənin əks tərəflərinə hərbi yardım göstərir. Rusiya Yaxın Şərqdə unikal mövqe tuta bilib.

Ərəb baharı başlayanda siyasi təcrid vəziyyətində olan Əsəd rejimi iflas həddinə çatıb. Dinc etirazların qan tökülərək yatırılması silahlı üsyana gətirib çıxarıb. Həmin hadisədə isə bütün regional və beynəlxalq oyunçuların öz müttəfiqləri, vassalları olub. Moskva Bəşər Əsədi dəstəkləməklə “səhv karta oynadığına” dair təəəssürat yaradıb. Amerikalılar Ben Əlidən tutmuş Mübarəkə qədər “öz” diktatorlarından tələsik üz çeviriblər. Belə ki, onlar əvvəllər İran şahına da eyni münasibət göstərmişdilər. Lakin Rusiya aviasiyasının bütün gücündən istifadə edərək Suriya prezidentinə kömək edib: onun düşmənlərinə, qoşunlarına, şəhərlərinə, məktəb və xəstəxanalarına hava zərbələri endirib. Bombaların köməyi ilə əraziləri ələ keçirməyin qeyri-mümkün olduğunu başa düşdüyü üçün İranı dəstəkləyib. Tehran isə çoxsaylı silahlı dəstələrini Suriyaya göndərib.

Məqalə müəllifi bu cür sxemin uğur gətirdiyini yazır. Ərəblər müxalifəti yalnız pul və silahla təchiz etməyə hazır olublar. Hərçənd Amerika aviasiyası xilafəti gücdən salsa da, ABŞ-ın müttəfiqləri olan kürdlərin Əsədlə döyüşmək fikri olmayıb, əvəzində onlar uzun illərdir kürd əhalisi ilə vətəndaş müharibəsi aparan Türkiyəni qorxudublar. Ərdoğan Əsədə qarşı çıxıb, amma kürdlərin qələbə qazanacağından və qaçqın axınından ehtiyatlanaraq ordunu sərhəd bölgələrinə göndərib. Bu isə Rusiya ilə qarşıdurmaya səbəb ola bilərdi, ona görə Ankara onunla saziş əldə edib: Putin türklərə Suriyanın şimal torpaqlarını işğal etməyə və İdlib vilayətinə nəzarət etməyə imkan verəcək, əvəzində yerli cihadçıları aradan qaldıracaq. Kürd məsələsi Türkiyə üçün böyük əhəmiyyət kəsb etdiyi kimi bu məsələ də Moskva üçün önəmlidir. Lakin Ərdoğan verdiyi sözü tutmayıb, çünki onun Suriyada yaratdığı hərbi dəstələr məhz cihadçılara əsaslanır.

Nəticədə Suriya ilə Rusiya İdlibə hücum edib, türk qüvvələrində itkilər yaşanıb, Ərdoğan isə qəfil Moskva səfər edib. Türklərin Suriyaya hücumdan sonra təsadüfən Türkiyənin hava məkanına girən rus qırıcısını vura bildiyi dövr geridə qalıb. Hazırda Ankaranın düşməni Rusiya deyil, kürdləri dəstəkləyən NATO-dakı müttəfiqi ABŞ-dır.

Moskva bu cür uyumu vassallarına loyal münasibəti və başqa müttəfiqlərin opportunist xarakteri sayəsində əldə edib: yalnız böyük güc maraqları əhəmiyyət daşıyır. Yaxın Şərqdə Rusiya ilə hər kəs – Əsəd və Ərdoğan, Tehran və Ər-Riyad, ya da Livan vətəndaş müharibəsinin hər iki tərəfi danışa bilər. Kremlin dəstəyinə görə rus maraqlarının birinci yerdə gəlməsi ilə bədəl ödəmək lazım gəlir. Hazırda təkcə öz prezident sarayında başçılıq edən Əsəd, İdlibə nəzarət edən Ərdoğan və Suriyadakı İran qüvvələri bundan əmin olublar. Putin “özümüzkülərə dəymirik” deyir. Əgər onlar öz yerlərini bilirlərsə. (Xpressa.net)