İngilis dili üzrə Kembric lüğəti 2026-cı ilin sözü kimi “insan” (human) isimini seçib.
Nəşrin məlumatına görə, bu seçim süni intellektin (Sİ) insan olmağın nə demək olduğuna dair təsəvvürlərin dəyişməsinə artan təsirini əks etdirir.
Lüğət tərtibçilərinin qeyd etdiyi kimi, süni intellektin “insanlarla maşınlar arasındakı sərhədləri silməsi” fonunda bu söz yeni məna qazanıb. Onların fikrincə, süni intellekt gündəlik həyata getdikcə daha dərindən nüfuz etdikcə və insanların qabaqcıl texnologiyalardan asılılığı artdıqca, insanın öz mövqeyinin təhlükə altında olduğu düşünülə bilər. Lakin lüğət mütəxəssisləri hesab edirlər ki, vəziyyət heç də belə deyil.
Kembric lüğətinin leksikoqrafı Kolin Makintoşun sözlərinə görə, düşünmə prosesini texnologiyalara həvalə etməklə insanın nəyisə itirə biləcəyi ilə bağlı narahatlıqlar cəmiyyəti süni intellektdən asılılıq səviyyəsini yenidən nəzərdən keçirməyə vadar edir.
“Cambridge University Press” nəşriyyatının idarə heyətinin üzvü Françeska Vudvord bildirib ki, süni intellektin sürətlə inkişaf etdiyi və bunun hətta bəşəriyyətin məhvinə səbəb ola biləcəyi barədə narahatedici proqnozların səsləndiyi bir dövrdə bu söz “zamanın ruhunu” ən yaxşı şəkildə ifadə edir.
“İnsanlar insan olmağın əslində nə demək olduğunu özlərinə xatırlatmağa çalışırlar”, – deyə o bildirib.
Lüğət mütəxəssisləri diqqətə çatdırıblar ki, ingilis dilində “human” sözü getdikcə daha çox müxtəlif söz birləşmələrində işlədilir. Məsələn, “human-written” (insan tərəfindən yazılmış), “human-generated” (insan tərəfindən yaradılmış) və “human-made” (insan əli ilə hazırlanmış) ifadələrindən işin süni intellekt tərəfindən deyil, insan tərəfindən görüldüyünü vurğulamaq üçün istifadə olunur.
Sunay Aydın
