Əfqanıstan fəlakəti –“Cəhənnəm qapıları”nı kim açır?

Tam qorxduğum məsələ bu gün dünya siyasətində baş verməkdədir.

Beləliklə ABŞ və rəhbərliyi altında olan NATO qüvvələri Əfqanıstanı “Taliban”ın, “Əl-Qaidə”nin, “Əl-nüsra”nın, IŞİD-in, Səudiyyə Ərəbistanın, Qətərin, Pakistanın, Türkiyənin ümidinə buraxaraq tərk edir.

Cəhənnəm qapıları açılır və Zəbanilər seçilib.

Allah axırın xeyir eləsin.

Sıradan, dərin olmayan analiz aparsaq belə qısa və uzun vədədə düzü bir xeyir- filan da görünmür.

Niyə görünmür?

Gəlin onu bir az incələyək.

Sonuç olaraq bu gün tam qətiyyətlə demək olar ki, ABŞ və müttəfiqlərinin 20 illik Əfqanıstan məcrası  bitdi. Yəni bu qüvvələr orda siyasi-hərbi tərəfdən yenildi. Ölkə yenə də “Taliban” adlanan dini təməllərə dayanan canilər, pisxopatların nəzarətinə keçmək ərəfəsindədir. Bu ölkənin talibanın əlinə keçməsindən sonra beynəlxalq siyasətin və bu ölkənin hansı duruma düşəcəyini düşünmək belə qorxuncdur.

Niyə?

Gəlin əvvəl tarixi bir rakurs edək.

1979- ildə SSRİ Əfqanıstana ordu yeritdi, tam olaraq 10 il bu ölkədə mövcudluğuna baxmayaraq nəzarət edə bilmədi. Səbəb təkcə əfqan xalqının döyüşçü ruhu deyildi. Onlara dəstəyi öz xarici siyasət prioritetinə çevirən ABŞ, Pakistan, Səudiyyə Ərəbistanı, Qətər, İordaniya, Misir, Liviya, Türkiyənin müstəsna xidməti ilə fanatiklər Əfqanıstana axın etməyə başladı.

Beləliklə planlı şəkildə mücahid, cihadçı, təkfirçi qruplar yaranmağa başladı. Sovet ordusunun 1989-ildə Əfqanıstandan çıxması cihadçı qrupların Rusyaya qalib gəlməsi demək idi.

Nəhayət SSRİ dağıldıqdan bu qruplar Əfqanıstanı tam ələ keçirdi. Ölkəni ələ alan bu tayfa dəstələri bütün terror qrupları kimi öz aralarında anlaşa bilmədi, daxili müharibələrə başladı.

1996-cı ildə əsas himayədarı ABŞ olan “Taliban” iqtidarı hakimiyyəti götürdü. Onları ilk dəfə beynəlxalq səviyyədə də tanıyan məhz ABŞ, daha sonra isə sələfi radikal cərəyanının təsirində olan ölkələr oldu.

Bu minvalla insan haqqları düşməni olan  bu qrup 2001-ilə qədər Əfqanıstanda hökm sürdü. Niyə “hökm sürdü” deyirəm? Çünki ölkəni idarə etmədi, sadəcə əhaliyə qarşı radikal, mürtəce dini məfkürəsi üzündən amansız divan tutdu.

Ölkə, belə demək mümkünsə beynəlxalq axtarışda olan canilərin, başkəsənlərin, terror təşkilatların mərkəzinə çevrildi. Onlardan biri də Usamə bin Laden və onun rəhbərlik etdiyi “Əl-Qaidə” terrorçuları idi.

Eyni zamanda ölkədə narkotik istehsalı dəhşətli dərəcədə artdı. Əfqanıstanda hakimiyyəti ələ keçirən, və sözün həqiqi mənasında Allaha bəndəlik etməyən “Taliban” həddi o qədər aşdı ki, öz yaradıcısı olan gücə belə qarşı gəlməyə başladı. 2001-il 11 sentyabr tarixində Nyu- York şəhərində əkiz qüllələrə hücüm ABŞ ücün artıq həddi aşan bu qrupa savaş açmaq bəhanəsi oldu.

Yəqin bundan sonra baş verənlər çox yaxın tarixin hadisələri olduğu üçün detallarına varmamaq da olar.

Bu gün üçün görünən odur ki, 20 ildən sonra artıq doğurdan da Əfqanıstan  ABŞ üçün arzuolunmaz yerə çevrilib. Keçmiş SSRİ bu məkanda 10 ilə məğlub oldusa, ABŞ-ın məğlubiyyəti  20 il çəkdi.

Bəlkə də ABŞ, prezident Bayden rusların səhvini təkrarlamaq istəmir. Ola bilsin ki, bu baş bəlası olan Əfqanıstanın dünya xəritəsində olan geosiyasi mövqeyindən və orda məskən salmış terrorçulardan öz siyasi maraqları üçün Rusyaya yaxud Çinə qarşı istifadə etmək istəyir.

Ayrıca belə bir istəkdə olması üçün unikal imkanlar var.

  1. Artıq SSRİ yoxdur, Putin Rusiyası isə ABŞ üçün baş ağrısına çevrilib.
  2. Rusiyanın cənub qonşuları olan Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan müsəlman ölkələridir və orta radikal islamın vüsət alması üçün imkanlar var.
  3. Rusiyanın öz ərazisində sayı heç də az olmayan müsəlman əhali var ki, onlara radikal islamı təbliğ edib potensial terror şəbəkələrinə çevirmək olar.
  4. Əfqanıstanın Çinlə 100 km-lik sərhədi var. Orada da vəhhabiliyə meyilli müsəlman uyğur türklər yaşayır.
  5. Bölgə həm də İran ilə sərhəddə yerləşir ki, bu da ordan sələfi terrorçularını himayə edib İranda qarışıqlıq salmaq üçün yaxşı imkan var.

Əlbəttə bütün sadaladıqlarım analizə dayanan təsbitlərimdir. Ancaq ümumən baxdıqda Talibanın hakimiyyəti altına keçən Əfqanıstan yaxşı heç nə vəd etmir. Ən başlıcası isə Talibanın nəzarətinə keçmiş Əfqanıstan sivil, demokratik dünya üçün “cəhənnəm qapıları”na çevriləcək. Çünki heç kim təminat verə bilməyəcək ki, bəşəriyyət üçün təhlükə ərz edən təkfirçi, ipə sapa yatmayan, radikal cərəyan mənsublarından ibarət bu qruplar təşkilatlanaraq  dünyanı hər gün kütləvi qatillərin baş verəcəyi cəhənnəmə çevirməyəcəklər.

Anar Xəyali

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hesablama Palatası ilk dəfə YAP-da yoxlamalara başladı

Sonrakı məqalə

Şeyxülislam və dini icma rəhbərlərinin Şuşaya səfəri başlanıb