“Əfqanıstanda əbədi qalmaq niyyətində olmamışıq” –NATO Baş katibi

“Əfqanıstanın siyasi rəhbərliyinin uğursuzluğu bu gün şahid olduğumuz faciəyə gətirib çıxardı”.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

“Əfqanıstanda hərbi missiyamızı sonlandırmaq asan olmadı. Biz ciddi dilemma ilə üz-üzə qaldıq. Ya Əfqanıstanı tərk edirik, “Taliban” nəzarəti ələ alır, yaxud da qalmağa davam edirik və yeni hücumlarla üzləşirik, sonu olmayan vədəsiz döyüş missiyası ilə davam edirik. Biz heç vaxt Əfqanıstanda əbədi qalmaq niyyətində olmamışıq. Keçən illər ərzində yüz minlərlə olan hərbi personalın sayı bir neçə minə endirilib. Və indi bu rəqəm sıfırdır”, – deyə Yens Stoltenberq bildirib.

NATO Baş katibi son həftələrdə Əfqanıstanda gözlənilməz sürətdə hərbi və siyasi tənəzzülün yaşandığını deyib.

O əlavə edib ki, Əfqanıstanın müdafiə və təhlükəsizlik qüvvələri cəsarətlə döyüşüb, lakin onlar ölkənin təhlükəsizliyini qoruya bilməyib. “Nəticədə Əfqanıstan siyasi rəhbərliyi “Taliban”a qarşı dayana bilmədi, hər bir Əfqanıstan vətəndaşının ən çox istədiyi sülh yolu ilə həllə nail ola bilmədi. Əfqanıstan rəhbərliyinin bu uğursuzluğu bu gün şahid olduğumuz faciəyə gətirib çıxardı.

Biz, həmçinin, NATO-nun Əfqanıstandakı fəaliyyətini də dürüst və açıq gözlə dəyərləndirməliyik. Bizim son 20 ildə ayırdığımız kifayət qədər sərmayəyə və verdiyimiz qurbanlara baxmayaraq, bu tənəzzül çox sürətli və gözlənilməz oldu. Burdan çıxarılası dərslər çoxdur.

Biz nələr qazandığımızı da qeyd etməliyik. 11 sentyabrdan sonra NATO və müttəfiqləri Əfqanıstana girdi və bu ölkənin bizi təhdid edən beynəlxalq terrorizm və terrorçular üçün təhlükəsiz bir cənnətə çevrilməsinin qarşısını aldıq”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda əhalinin 12,1 faizi pensiya alır

Sonrakı məqalə

Zakir Həsənov “IDEF-2021” sərgisinin açılış mərasimində iştirak edib