Ərdoğan Milli Təhlükəsizlik Şurasının iclasını keçirib

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, iclasda siyasi, hərbi və iqtisadi proseslərin bütün istiqamətləri dəyərləndirilib.

PKK/KCK-PYD/YPG, FETÖ və İŞİD başda olmaqla, milli təhlükəsizliyə, birlik və bərbərliyə qarşı yönələn təhdid və təhlükələrə qarşı ölkə daxilində və xaricdə həyata keçirilən antiterror əməliyyatları barədə məlumat dinlənilib, zərurət yaranacağı təqdirdə bu prosesin daha da irəli aparılacağı, bunun üçün tələb olunan iradə və hazırlıqların tam mövcud olduğu qeyd edilib.

Vurğulanıb ki, Yunanıstan təxribatçı əməlləri ilə heç nəyə nail ola bilməyəcək. Qətiyyətlə bildirilib ki, Türkiyənin milli təhlükəsizliyini hədəf alan hər hansı bir fəaliyyətə icazə verilməyəcək.

İclasda NATO sıralarına daxil olmaq istəyən dövlətlərin alyansın qanunlarına və ruhuna uyğun hərəkət etməli, terrorizmlə mübarizə ilə bağlı anlaşma memorandumundan irəli gələn öhdəlikləri yerinə yetirməli olduqları vurğulanıb. PKK/KCK-PYD/YPG və FETÖ təşkilatlarına qarşı dərhal konkret addımların atılmasının zəruriliyi ifadə edilib.

Eyni zamanda, vurğulanıb ki, Türkiyə tərəfi İslama qarşı təhqiramiz hərəkətləri kəskin şəkildə qınayır. Diqqətə çatdırılıb ki, din, vicdan, düşüncə və azadlıq kimi dəyərləri təməlindən sarsıdan, demokratiya və ifadə azadlığı ilə izah edilə bilməyən aksiyaları təşviq və himayə edənlər insan haqlarını heçə alan bu nifrət cinayətinə ortaqdırlar.

Əvvəlki məqalə

ABŞ-ın yeni səfiri Rusiyaya gəlib

Sonrakı məqalə

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası hansı məsələni müzakirə edəcək?