Azərbaycanda qiymətləndirmə standartlarının hazırlanması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sahədə standartlaşdırma işləri Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) və onun nəzdində fəaliyyət göstərən TK 54 – “Qiymətləndirmə fəaliyyəti” üzrə Texniki Komitə çərçivəsində aparıldığı halda, Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) da bu istiqamətdə fəaliyyət göstərdiyini bəyan edir.
Bəs qiymətləndirmə standartlarını hazırlamaq və onlara dövlət standartı statusu vermək səlahiyyəti hansı quruma məxsusdur?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyəti sədrinin müşaviri, AZSTAND/TK 54 – “Qiymətləndirmə fəaliyyəti” üzrə Texniki Komitənin üzvü, beynəlxalq idarəetmə standartları üzrə mütəxəssis Asif İbrahimov məsələ ilə bağlı mövqeyini açıqlayıb.
Onun sözlərinə görə, qiymətləndirmə standartları ayrı-ayrı qurumların maraqları əsasında deyil, vahid milli standartlaşdırma sisteminin prinsiplərinə uyğun hazırlanmalıdır. Asif İbrahimov bildirib ki, “Standartlaşdırma haqqında” Qanuna əsasən, dövlət standartlarının qəbulu AZSTAND-ın səlahiyyətlərinə aiddir. Bu səbəbdən hər hansı qurumun standart layihəsi hazırlaması həmin sənədin avtomatik olaraq dövlət standartı statusu alması demək deyil.
Standartların qəbulu hansı qaydada aparılmalıdır?
Mütəxəssis qeyd edib ki, Azərbaycanda standartların hazırlanması müəyyən edilmiş prosedurlara uyğun həyata keçirilir. Layihələr milli standartlaşdırma proqramı çərçivəsində nəzərdən keçirilir, texniki komitələrdə hazırlanır, ictimai müzakirəyə çıxarılır və müvafiq qaydada qəbul edilir. Onun fikrincə, bu mexanizm vahid metodologiyanın, obyektivliyin və şəffaflığın qorunması baxımından əhəmiyyətlidir.
Asif İbrahimov qiymətləndirmə standartlarının hazırlanması zamanı maraqların toqquşması ehtimalına da diqqət çəkib. O hesab edir ki, qiymətləndirmə xidmətləri göstərən qurumlar öz fəaliyyətlərinə təsir edən standartların hazırlanmasında iştirak edərkən şəffaflıq və rəqabət bərabərliyi prinsipləri qorunmalıdır.
Assosiasiyalar standart layihəsi hazırlaya bilərmi?
Texniki Komitənin üzvünün sözlərinə görə, istənilən assosiasiya və ya şirkət standart layihələri hazırlaya, metodiki təkliflər irəli sürə bilər. Lakin bu fəaliyyət həmin quruma qanunvericiliklə müəyyən edilməyən əlavə səlahiyyətlər vermir. İbrahimov vurğulayıb ki, standartlar yalnız ayrı-ayrı təşkilatların deyil, bütövlükdə bazarın və qiymətləndirmə xidmətlərindən istifadə edən şəxslərin maraqlarını nəzərə almalıdır.
Qiymətləndirmə sahəsində hansı mexanizm mövcuddur?
Asif İbrahimov bildirib ki, Azərbaycanda qiymətləndirmə fəaliyyəti üzrə AZSTAND/TK 54 – “Qiymətləndirmə fəaliyyəti” Texniki Komitəsi fəaliyyət göstərir. Komitədə dövlət qurumlarının, maliyyə sektorunun, ali təhsil müəssisələrinin və elmi-pedaqoji heyətin nümayəndələrinin təmsil olunması məsələyə müxtəlif tərəflərdən yanaşmağa imkan yaradır.
Mütəxəssisin fikrincə, qiymətləndirmə standartlarının hazırlanması AZSTAND-ın prosedurları və TK 54-ün 2025–2027-ci illər üzrə fəaliyyət planı çərçivəsində əlaqələndirilməlidir. Azərbaycan Qiymətləndiricilər Palatası da daxil olmaqla, bütün maraqlı tərəflər öz təkliflərini bu mexanizm vasitəsilə təqdim edə bilərlər.
Asif İbrahimovun qənaətinə görə, əsas məsələ standart layihəsinin hansı qurum tərəfindən hazırlanmasından daha çox, onun qanunvericiliyə uyğun, şəffaf və vahid milli standartlaşdırma sistemi çərçivəsində qəbul edilməsidir.
