Ərzaq bahalaşır, yoxsulların problemləri artır –Qiymətlər niyə artır?

Fransanın “France24” kanalı yazır ki, dünyada ərzaq qiymətləri son 10 ildə görünməmiş sürətlə artmaqdadır. Dünyanın onsuz da koronavirus pandemiyasından böyük ziyan görmüş yoxsul və həssas ölkələrinin problemləri daha da çoxalır.

BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) artmaqda olan ərzaq qiymətlərinin onsuz da siyasi qeyri-sabitlikdən əziyyət çəkən ölkələrdə sosial gərginliyi daha da artıracağından narahatdır. FAO-ya görə, bu ilin mayında ərzaq qiymətləri bir il əvvəlkinə nisbətən 40 faiz artıq idi. Bu, 2011-ci ilin sentyabrından indiyədək ən kəskin artımdır.

12 ay ərzində qarğıdalı 88 faiz, soya paxlası 73 faiz, buğda və süd məhsulları 38 faiz, şəkər 34 faiz, ət isə 10 faiz bahalaşıb.

Dünya Ərzaq Proqramının baş iqtisadçısı Arif Hüseyn deyir ki, bu, çox narahatedicidir.

2007-2008-ci illərdə əsas ərzaq növlərinin qiymətlərindəki kəskin artım dünyanın bir çox şəhərində üsyanlara yol açmışdı. 2010-2011-ci illərdə bu qiymət artımları “Ərəb baharı”nın müjdəçisi oldu.

Bəs bu fenomenin səbəbi nədir? Hökumətlər iqtisadiyyatı durğunluq halına salmış pandemiyadan sonra stimullaşdırıcı proqramlara külli miqdarda vəsait xərcləyirlər. Ancaq bu, həm də inflyasiyanın artması deməkdir. Kanal yazır ki, Dünya Bankının proqnozlarına görə, 2021-ci il üçün iqtisadi artımı 8.5 faiz olacaq Çin yağlı toxumlar, dənli bitkilər və ət kimi əsas ərzaq məhsullarının əsas istehlakçısıdır.

İqtisadçı Filipp Şalmin deyir ki, ərzaq qiymətlərindəki çalxalanmanın hazırkı səbəbkarı Çindir.

ABŞ iqtisadiyyatının da sürətlə bərpa olunacağı gözlənilir. Dünya Bankı bu ölkədə bu il üçün iqtisadi artımın 6.8 faiz olacağını proqnozlaşdırır.

Ancaq iqtisadiyyatın bərpası dünyanın hər yerində eyni deyil. FAO-nun ticarət və bazarlar bölməsinin direktor müavini Yozef Şmidhuberin sözlərinə görə, inkişaf etməkdə olan ölkələrin gəlirləri böyümədiyi halda, idxala xərclədikləri vəsaitin həcmi artmaqdadır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Məcburi sığortadan yığılan pulların məbləği açıqlandı

Sonrakı məqalə

Beynəlxalq Enerji Agentliyi Azərbaycanla bağlı hesabat yaydı –