“10 ölkənin səfirini Türkiyədən çıxaracaqdıq, səhvlərini başa düşdülər” –ÇAVUŞOĞLU

ABŞ və digər 9 ölkənin səfirlərinin Osman Kavala ilə bağlı açıqlaması qəbuledilməzdir.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu CNN “Türk” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının 41-ci maddəsində hər şey açıq sürətdə yazılıb: “Diplomatlar çalışdıqları ölkələrin daxili işlərinə qarışa bilməzlər”.

XİN rəhbəri xatırladıb ki, Türkiyə Prezidenti ABŞ, Fransa, Almaniya, Hollandiya, İsveç, Norveç, Finlandiya, Danimarka, Kanada və Yeni Zelandiya səfirlərinin ölkədən çıxarılması üçün təlimat verib. Nazir əlavə edib ki, Prezidentin təlimatı əsasında 10 səfirin ölkədən çıxarılması üçün müvafiq çalışma aparılıb.

M. Çavuşoğlu qeyd edib ki, adıçəkilən ölkələrin səfirləri öz səhvlərini başa düşüblər.

Nazir ABŞ səfirinin Osman Kavala ilə bağlı açıqlamasının arxasında Prezident Co Baydenin dayanması məsələsinə də münasibət bildirib.

“Bizim əlimizdəki məlumata görə, ABŞ səfirinin məlum açıqlamasının arxasında Co Bayden dayanmayıb”, – M. Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, Türkiyədə 2013-cü ildə baş verən “Gezi parkı” hadisələrinə görə və 2016-cı ilin 15 iyulunda dövlət çevrilişinə cəhddə ittiham edilərək həbs olunan iş adamı Osman Kavalanın azadlığa buraxılması üçün ABŞ, Fransa, Almaniya, Hollandiya, İsveç, Norveç, Finlandiya, Danimarka, Kanada və Yeni Zelandiya səfirləri oktyabrın 18-də birgə bəyanat imzalayıblar. Bundan sonra Ərdoğan həmin 10 ölkənin səfirlərinin “persona non qrata” elan olunmalarının mümkünlüyü ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyinə tapşırıq verib.

Xatırladaq ki, ABŞ 18 oktyabr tarixli bəyanatla bağlı bəzi problemlər yarandığı üçün Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının 41-ci maddəsinə əməl etdiyini təsdiqləyib. Daha sonra Kanada, Finlandiya, Danimarka, Hollandiya, İsveç, Norveç və Yeni Zelandiyanın Ankarada fəaliyyət göstərən səfirlikləri tərəfindən də yuxarıdakı açıqlama paylaşılıb.

“Anadolu” informasiya agentliyinin Türkiyə Prezident Administrasiyasındakı mənbələrə istinadən yaydığı xəbərə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan adıçəkilən səfirliklərin məlum mövqeyini müsbət qarşılayıb.

Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının 41-ci maddəsi diplomatın yaşadığı ölkənin qanun-qaydalarına hörmət etməsini və daxili işlərinə qarışmamağını tələb edir.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dövlət Dəniz və Liman Agentliyinə sədr təyin olunub

Sonrakı məqalə

“Ermənistan Azərbaycanın sülh sazişi ilə bağlı çağırışına hələ cavab verməyib” –