16 minədək bakalavr magistraturaya imtahanda iştirak üçün ərizə verib

17 Fevral 2021 - 15:11

2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) buradakı hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə fevralın 18-i saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir. Bu gün saat 14:55-ə olan məlumata görə, 15986 bakalavr (Azərbaycan bölməsi – 14582, rus bölməsi – 1404) ərizəsini təsdiqlədib.