182 min fermerə payızlıq əkinlərə görə subsidiya ödənilib

09 Mart 2021 - 10:40

Kənd Təsərrüfatı Nazirliyi 182650 nəfər fermerə 2020-ci ilin payız əkininə görə subsidiya ödənişi edib.

Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) məlumatına görə, ümumilikdə 335 min nəfərdən artıq fermer payız əkini etdiyi barədə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan yerləşdirib. Fermerlərin əkin bəyanları yoxlandıqca, mərhələli şəkildə subsidiya ödənişlərinin qalan hissəsi də köçürülür.

AKİA-dan bildirilib ki, subsidiya qaydalarına uyğun olaraq, ödənişlər fermer kartlarına 25% nağdlaşdırıla bilən və 75% nağdsız hissə şəklində ödənilib. Nağdlaşdırıla bilməyən hissə ilə fermerlər gübrə, pestisid, toxum və ting təchizatçılarından təsərrüfatlarına lazım olan məhsulları POS-terminal vasitəsilə ödəniş etməklə əldə edə bilərlər.

2021-ci il üçün Subsidiya Şurasının təsdiqlədiyi subsidiya əmsallarındakı yeniliklər ödənilən subsidiyalarda öz əksini tapıb.