20 yanvar qırğınını törətmiş sovet hərbi QATİLLƏRİ –Rostov "rezervist"lərinin Bakıda çəkilmiş nadir FOTOSU

Yanvar müasir Azərbaycan tarixinə həm xalqımızın qəhrəmanlıq nümunəsi ortaya qoyduğu, həm də qanlı bir qırğının baş verdiyi ay kimi düşüb. 20 yanvar gecəsi sovet ordusunun Bakıda tanklardan, pulemyot və avtomatlardan açdıqları atəş səsləri vəhşicəsinə qətlə yetirilmiş sadə sovet vətəndaşı olan xeyli sayda azərbaycanlı üçün “əcəl zəngi”nə çevrildiyi kimi, elə 1990-cı ilin şaxtalı qış günü şəhər küçələrində yerə sərilmiş insan cəsədləri üzərindəki ağlaşma, hayqırtı və gəmilərdən səslənən boğuq etiraz siqnalı həm də SSRİ-nin süqutunu elan edən final fiti oldu.

Bu qəddar akta qol çəkən SSRİ prezidenti Mixail Qorbaçov və sovet hərbi rəhbərliyi günahsız insanların ölümüylə imperiyanı qoruyub saxlamağa çalışsalar da, bu qanlı haqdisə Azərbaycanın müstəqilliyi uğrunda baş qaldıran böyük bir hərəkatın əsasını qoydu…

Bu qanlı cinayət isə Rusiyanın müxtəlif yerlərində ehtiyatda olan rezervistlərin əli ilə həyata keçirilimişdi. Ordu ilə birgə hərəkət edən bu başkəsənlər Bakıda dinc əhaliyə qarşı xüsusi qəddarlıqla seçilmişdilər.

 Azpost.info “Fotoxronika” layihəsi çərçivəsində bir fotonu təqdim edir:

 Bakı. 18 yanvar. 1990-cı il. Qala hərbi aerodromu.  Rostovdan gətirilmiş “rezervist”lər Bakıdakı sovet hərbi hissələrinə aparılır.

Hərbi paltar geymiş bu cəlladlar 2 gün sonra Bakıda xalqı gülləbaran edəcək, 100-lərə dinc sakini – qoca, qadın, uşağı öldürəcəklər.

Onları elə qırğından sonra da bu nəhəng təyyarə ilə geriyə aparacaqlar. “Mavr işini gördü, mavr gedə bilər”.

Amma cinayətin qanlı ləkəsi onların ömründə əbədi qalacaq.

Bu şəkil  cəlladların açıq yayılan ilk fotosudur.

 Həmin gecə tanklar yollardakı avtomobilləri və hətta təcili yardım maşınlarmı basaraq barrikadalardan keçirdi. Şahidlərin sözlərinə görə, əsgərlər qaçan adamları atəşə tutur, yaralıları süngüləyir və güllələyirdilər. SSRİ tarixində ilk dəfə idi ki, Sovet Silahlı Qüvvələri Sovet şəhərinə – Bakıya hərbi müdaxilə etdilər. Bu, həm Azərbaycan, həm də Sovet İttifaqı üçün böyük faciə oldu. Ordu hissələri cəmi bir neçə saat ərzində şəhəri tam nəzarətə aldı və Moskvanın hakimiyyəti bərpa edildi. Lakin Moskva məhz elə 1990-ci il yanvarın 20-də Azərbaycanı itirdi.

Yanvarın 20-nə keçən gecə 131 insan öldürüldü: onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar idi. 744 adam ağır xəsarət almışdı, 4-şəxs itkin düşdü, 400 nəfər isə həbs edildi.  Fövqəladə vəziyyət elan ediləndən sonra isə 21 nəfər qətlə yetirilmişdi. Həmçinin fövqəladə vəziyyət elan edilməmiş rayonlarda – Neftçala və Lənkəranda 25-26 nəfər öldürülmüşdü.  Sonradan araşdırmalar aparan Moskvadakı “Şit” (“Qalxan”) adlı müstəqil hərbi qrup belə bir nəticəyə gəldi ki, Sovet ordusu sovet şəhərinin sakinlərinə qarşı əsl müharibə aparıb. Qrup hərbi əməliyyata şəxsən başçılıq etmiş müdafiə naziri Dmitri Yazova qarşı cinayət işi açmaq tələbi ilə çıxış etdi.

Bu hərbi cinayətin sifarişçiləri və icraçıları hələ də cəzalarını almayıblar.

Azpost.info

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan və İran arasında yeni sərhəd-buraxılış məntəqələri açılacaq –

Sonrakı məqalə

1560 namizəd mandat uğrunda yarışacaq, cəmi 360 nəfəri partiya üzvüdür –