2022-ci ilin dünyada ən çox yadda qalan altı hadisəsi- XRONOLOGİYA

Dünyadakı hadisələr, onun baş verdiyi ölkələrin sərhədlərini aşıb, daha böyük coğrafiyanı əhatə və təsir edə bilər. Bu baxımdan yola saldığımız 2022-ci il dünyada baş verən əhəmiyyətli saydığımız 6 hadisəni qısa dəyərləndiririk.

Koronavirus məhdudiyyətləri götürüldü

Yeni tipli COVID-19, “2019-nCoV” koronavirusu pandemiyası 2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başlayıb. Həmin il dekabrın 31-də rəsmi Pekin naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verib. 2020-ci lin mart ayından başlayaraq dünyanın müxtəlif ölkələrində karantin elan edilib. Bu tədbir hətta tam qapanmaya qədər davam edib.

Ölkələr arasında iqtisadi, mədəni, sosial əlaqələr kəsilib. 2022-ci ildən əlaqələr bərpa olunub, koronavirus məhdudiyyətləri götürülüb. Pandemiya siyasi, sosial, mədəni, iqtisadi, maliyyə və başqa sahələrdə gərginlik, böhran yaradıb. Bu, ksenofobiyaya belə səbəb olub.

Koronavirus insanları sanitar-gigenik qaydalarına əməl etməyin vacibliyini bir daha anladıb, habelə insan cəmiyyətinin bioloji silahla məhv etməyin mümkünlüyünü nümayiş etdirib. 2022-ci il dekabrın 27-nə olan məlumata əsasən, 657 596 905 virusa yoluxma halı, bu yoluxmadan 6 679 974 ölüm hadisəsi qeydə alınıb.

Rusiyanın Ukraynada müharibəsi

Bu il fervalın 24-də Rusiya silahlı qüvvələrinin Ukrayna ərazisinə hücumu ilə başlayıb. Rəsmi Moskva müharibəyə hüquqi don geyindirmək məqsədilə qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikasını” tanıdı, bunun ardınca onlarla müttəfiqlik müqaviləsi imzaladı.

Bu müharibə dünyada enerji daşıyıcıları, ərzaq sahələrində ciddi problemlər yaradıb. Gündəlik tələbat mallarının qiymətinin qalxmasını da bu müharibə ilə əlaqələndirirlər. ABŞ başda olmaqla müttəfiqləri, NATO-ya, Avropa İttifaqına üzv dövlətlər, habelə Yaponiya və Cənubi Koreya bu işğalda Ukraynanı müdafiə edir.

İkinci dünya müharibəsindən sonra ABŞ-ın lend-liz qanunu Ukrayna üçün oktyabrın 1-dən qüvvəyə minib. Bununla da ABŞ Ukraynanı tank, zirehli texnika, artilleriya və hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi əleyhinə raketlər, döyüş təyyarələri və başqa hərbi texniki silah-sursatla təmin edə bilər.

Qeyd edək ki, lend-liz ABŞ-ın İkinci Dünya müharibəsi zamanı müttəfiqlərə hərbi texnika və avadanlıqları icarəyə verdiyi və ya uzunmüddətli kreditlə təhvil verdiyi bir proqramdır. Lend-liz haqqında qanun 1941-ci ilin martından 1945-ci ilin avqustuna qədər qüvvədə olub. Ümumi məbləği 50 milyard dollardan çox olan materiallar ABŞ-ın müttəfiqlərinə təqdim olunub.

Nensi Pelosinin Tayvana səfəri

Bu hadisə Çinin səbrini sınağa çəkib. ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin avqustun 2-də Tayvana (Tayvan Çin Respublikası) səfər edib.

Bu, dünyanın aparıcı dövlətlərinin də ərazi bütövlüyü problemi ilə üzləşdiyini sübut edib. Hadisə onu təsdiqləyib ki, Tayvan Çinin başının üstündə “demokl qılıncı”dır.

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin vəfatı

Bu il sentyabrın 8-də Ülyahəzrət İkinci Elizabet, Allahın lütfü ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının və onun digər krallıq və mülklərinin Kraliçası, Birlik Başçısı, inancın qoruyucusu 96 yaşında vəfat edib. Qeyd edək ki, II Elizabet 1952-ci il fevralın 9-da taxta oturub. O, 14 müstəqil dövlətin – Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua Yeni Qvineya, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya, Solomon adaları, Tuvalu, Yamaykanın monarxı olub. Elizabet 1926-ci il aprelin 21-də York hersoqu və hersoginyasının (sonradan Kral VI Corc və Kraliça Konsorti Elizabet) ailəsində anadan olub. Onun atası 1936-cı ildə qardaşı Kral VIII Eduard taxtdan imtina etdikdən sonra taxta çıxıb. Beləliklə, II Elizabet də onun varisinə çevrilib. O, evdə fərdi təhsil alıb. İkinci Dünya müharibəsi illərində Yardım Ərazi Xidmətində işləyib və ictimai funksiyalarının icrasına başlayıb.

Britaniya və dünya tarixinin çox keşməkeşli dövrü II Elizabetin hakimiyyəti dönəminə düşüb: Britaniya İmperiyasının dağılması və onun Millətlər Birliyinə çevrilməsi, dekolonizasiya prosesi, soyuq müharibə, insanın kosmosa çıxması, Aya eniş, televiziya və internetin meydana çıxması, Böyük Britaniyanın Avropa İttifaqına (Aİ) girişi və ondan çıxışı, Şimali İrlandiyada uzun sürən etno-siyasi münaqişənin həlli, Folklend müharibəsində qələbə, Böyük Britaniyanın İraq və Əfqanıstan müharibələrində iştirakı, 2008-ci ilin maliyyə böhranı, Şotlandiya müstəqillik referendumu, koronavirus pandemiyası və s.

II Elizabetin böyük oğlu Uels şahzadəsi Çarlz Böyük Britaniyanın yeni kralı olub. Noyabrda 74 yaşı tamam olacaq Çarlz III Kral adını alıb.

Böyük Birtaniyada Baş nazir böhranı.

İyulun 7-də Baş nazir Boris Conson istefa verib. O həm də Ukrayna müharibəsinin cəngavəri idi. Onu bu vəzifədə Liz Trass əvəzləyib. Liz Tras hökumətə 45 gün başçılıq edib. Xatırladaq ki, Liz Tras sentyabrın 6-dan Baş nazir kimi Kraliça ilə görüşmüşdü, oktyabrın 20-də isə kral Çarlza istefa ərizəsini təqdim etmiş yeganə hökumətə başçısı olub. Onun yerinə oktyabrın 24-də Rişi Sunak seçilib. Beləliklə, son 3 ildə Böyük Britaniya 3 Baş naziri yola salıb.

İranda etiraz aksiyaları

1979-cu il inqilabından sonra İranda keçirilən ən uzunmüddətli etiraz aksiyaları sentyabrın 17-də başlayıb, bu günədək davam edir. Sentyabrın 17-dən indiyədək minlərlə etirazçı həbs edilib. Tələbələrin iştirakı ilə şəhər və universitetlərdə azı 1 192 genişmiqyaslı etiraz aksiyası keçirilib. Aksiyalarda onlarla xarici ölkə vətəndaşı həbs edilib. Onlar iğtişaş yaratmaqda, İran əleyhinə fəaliyyət göstərməkdə ittiham olunurlar. Dünyanın aparıcı dövlətlərin liderləri aksiyaları və İran xalqının tələblərinin müdafiə edib. Aksiyalarda, əsasən, “Qadın, həyat, azadlıq!”, “Yoxsulluq, korrupsiya, bahalıq, biz hakimiyyəti devirəcəyik!”, “Qana susamış Xameneiyə ölüm!”, “Xameneiyə ölüm, Xameneiyə lənət!”, “Biz mübarizə aparacağıq, öləcəyik, İranı geri qaytaracağıq!”, “Diktatora ölüm!”, “SEPAH-a ölüm!”, “BƏSİC-ə ölüm!”, “Körpə qatili hökumətə ölüm!”, “Yoldaşlarımın qanına and olsun, mübarizəni sonadək aparacağıq!”, “Qəddar Xamenei, səni torpağa basdıracağıq!”, “İllərlə cinayət edən belə rəhbərə lənət olsun!”, “Rəhbər qatil, Xamenei batil!” ə başqa şüarlar səsləndirilib.

Etirazlar Güney Azərbaycanın şəhərlərində geniş yayılıb. Azərbaycanlılar əsasən “Azadlıq, ədalət, milli hökumət” şüarı səsləndiriblər.

Bu hadisə İran əhalisinin dəyişiklik istəyinin dünya ictimaiyyətinə çatdırıb. O da məlum olub ki, Tehrandakı rejim ölkəni 43 il əvvəlki, mürtəce qaydalarla idarə etməkdən əl çəkmək istəmir.

Futbol üzrə dünya çempionatı

Qətərdə noyabrın 20-dən – dekabrın 18-dək keçirilən dünya kuboku yarışları bir çox ilklər, rekordlar və maraqlı oyunlarla yadda qaldı. Argentina millisi finalda Fransa yığmasına penaltilər seriyasında qalib gələrək (əsas vaxtda hesab 3:3) III dəfə çempion oldu.

Bu, ərəb ölkəsində baş tutan və payızda gerçəkləşən ilk mundial kimi tarixə düşüb.

Argentina millisi 36 ildən sonra çempionluq tituluna sahib çıxıb.

Cənubi Amerika təmsilçisinin ulduz futbolçusu Lionel Messi turnirdə 26-cı matçını keçirməklə almaniyalı Lotar Matteusu geridə qoyaraq rekordçu olub.

DÇ-2022-də qol sayında da rekord qeydə alınıb. Ümumilikdə qapılara 172 qol vurulub. İndiyədək heç bir çempionatda bu qədər qol olmayıb(report).

Əvvəlki məqalə

“Azərkosmos” azad olunmuş ərazilərdə faydalı qazıntı yataqlarının tapılmasına yardım edəcək

Sonrakı məqalə

Ukraynanın atdığı raket Belarus ərazisinə düşüb