“Azərkosmos” azad olunmuş ərazilərdə faydalı qazıntı yataqlarının tapılmasına yardım edəcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos”la Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

APA-Economics” nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, memoranduma əsasən, peyk məlumatlarından istifadə etməklə işğaldan azad olunmuş ərazilərdə faydalı qazıntı yataqlarının tapılması məqsədilə tədqiqat aparılması, ölkədə seysmik riskin qiymətləndirilməsi birgə fəaliyyətin əsas istiqamətlərindən olacaq. Sənəd peyk təsvirləri və geoloji məlumatlar əsasında sürüşmə areallarının monitorinqi, əsas su anbarlarının, yeraltı su resurslarının qiymətləndirilməsi və sudan səmərəli istifadə üçün təkliflərin hazırlanması üzrə əməkdaşlığı da əhatə edir. Eyni zamanda peyk təsvirlərindən istifadə olunmaqla innovativ məhsulların yaradılması istiqamətində birgə fəaliyyət nəzərdə tutulur.

Kosmik Agentliyin İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib ki, memorandum ölkəmizdə elmi tədqiqat layihələrinin icrasına mühüm töhfə verəcək: “Azərkosmos Geologiya və Geofizika İnstitutuna tədqiqat ərazilərinə aid peyk təsvirlərinin verilməsini, o cümlədən qarşılıqlı təcrübə mübadiləsi, peşəkar kadrların hazırlanması və birgə təlimlərin təşkili məsələlərini daim diqqətdə saxlayacaq”.

Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə qeyd edib ki, müasir dünyada kosmik təsvirlərin elmi tədqiqatlarda rolu əvəzolunmazdır. Onun sözlərinə görə, ölkəmizdə bu sahələrin inkişafına xüsusi diqqət və qayğı göstərilir.

Memorandumda qurumlar arasında kosmik sahə üzrə kommersiyayönümlü birgə fəaliyyət də nəzərdə tutulur.

Əvvəlki məqalə

“Saakaşvilini mart ayında zəhərləyiblər”

Sonrakı məqalə

2022-ci ilin dünyada ən çox yadda qalan altı hadisəsi