2023-cü il Qafqaz Müsəlmanları İdarəsi üçün necə yadda qaldı?

2023-cü il başa çatır. Bu il ictimai –siyasi arenada bir çox hadisələrlə yadda qaldı. Ən əsası bitməkdə olan il xalqımızın tarixinə Zəfər ili kimi yazıldı. Azərbaycan 33 ildən sonra Xankəndi daxil olmaqla bütün ərazilərində dövlət süverenliyini bərpa etdi. Qarabağdakı separatizm ocağının kökü qazıldı, Ali Baş komandan Xankəndidə Qələbə bayrağını ucaltdı.

İl bütün qurumlar üçün oldğu kimi Qafqaz Müsəlmanları İdarəsi üçün də məhsuldar oldu. 2023-cü ildə QMİ və onun sədri Şeyxülislam Allahşükür Paşazadə ölkənin ictimai həyatında fəal iştirak edib. Çoxsaylı görüşlər və tədbirlərdə Azərbaycan dövləti üçün faydalı və vacib mesajlar verilib, təkliflər qaldırılıb.

 

 

Yanvarın 18-də Şeyxülislam və dini icma rəhbərləri 20 Yanvarla bağlı Bəyanat yayıb.

Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin imzaladığı Bəyanatda 20 Yanvar qətliamı pislənib.

Yanvarın 27-də QMİ İrandakı Azərbaycan səfirliyinə silahlı hücumla bağlı bəyanat yayıb.

Bəyanatda 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasının Səfirliyinin binasına qarşı törədilən təcavüz aktını qətiyyətlə pisləyir və siyasi məqsədli terror aktı kimi qiymətləndirlib. “Müstəqil Azərbaycanın suveren ərazisinin – Səfirliyimizin və onun əməkdaşlarının hədəfə alınması ölkəmizə qarşı yönəlmiş və ümumən beynəlxalq hüquqa zidd terror aktıdır” –deyə açıqlamada bəyan olunub.

Yanvarın 30-da  Şeyxülislam və dini icma rəhbərləri Azərbaycan səfirliyinə silahlı hucum zamanı şəhid olmuş  Orxan Əsgərovun yas mərasimində iştirak ediblər. Dini rəhbərlər mərhumun ruhuna dualar oxuyublar, yaxınlarına başsağlığı veriblər.

Fevralın 9-da Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyini ziyarət edib.

Şeyxülislam Qafqaz müsəlmanları adından qardaş Türkiyə xalqına baş vermiş təbii fəlakət – çoxsaylı insan tələfatı ilə nəticələnən sarsıdıcı zəlzələ ilə əlaqədar kədərləndiyini bildirib, həlak olanların ailələrinə, yaxınlarına, bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı verib.

Fevralın 18-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar şurasının 28-ci sessiyasında iştirak etmək üçün Portuqaliyanın paytaxtı Lissabon şəhərinə səfərə yola düşüb.

Şeyxülislam Allahşükür Paşazadə sessiyada əsas məruzəçi qismində çıxış edib.

Fevral ayının 20-də Portuqaliyanın paytaxtı Lissabonda KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının növbəti, 28-ci sessiyası keçirilib.

2017-ildən bəri müsəlman dini lider olaraq Şuranın üzvü olan Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə sessiyada iştirak edib. QMİ sədrinin irəli sürdüyü təklifə əsasən Şura sədrinin və sədr müavininin səlahiyyətləri cari ilin sonunadək yekdil səsvermə ilə uzadılıb.

Fevralın 23-də Şeyxülislam Allahşükür Paşazadə və dini icma rəhbərləri Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı dünya dini liderlərinə, beynəlxalq təşkilatlara, parlamentlərə və dünya ictimaiyyətinə müraciət edib.

Xocalı soyqırımını  dinc mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərbi cinayət adlandıran icma rəhbərləri bəyan ediblər ki, fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində soyqırımı törətmişlər.

Fevralın 27-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ-a səfərə yola düşüb.

QMİ sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti İsa Məsih Sonuncu Gün Müqəddəsləri kilsəsinin və Stirlinq Fondunun dəvətilə 28 fevral – 4 mart tarixlərində ABŞ-ın Yuta Ştatının paytaxtı Solt-Leyk-Sitidə səfərdə olub.

Fevral ayanın 28-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycanın nümayəndə heyəti ABŞ-nin Yuta ştatında rəsmi səfərdə olub.

Səfərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev, Dağ Yəhudiləri dini icmasının sədri Melix Evdayev, Alban uli dini icmasının sədri Robert Mobili, Roma katolik kilsəsinin Azərbaycandakı nümayəndəsi Vladimir Fekle və başqaları da iştirak ediblər.

Səfərin ilk günü Azərbaycandan gəlmiş qonaqlar Yuta ştatının ali qanunvericilik orqanı olan senatda olublar. Burada ilk görüş «Stirlinq» fondunun prezidenti və baş icraçı direktoru Edvard Rove ilə keçirilib.

Martın 1-də Şeyxülislam Allahşükür Paşazadə ABŞ-yə səfəri çərçivəsində Yuta ştatının vitse-qubernatoru Deydre Hendersonla görüşüb.

Mart ayının 1-də QMİ sədrinin rəhbərlik etdiyi heyətin bir sıra görüşləri baş tutub. Şeyxülislam Allahşükür Paşazadə “İsa Məsih Sonuncu Günlərin Müqəddəsləri” kilsəsinin ali rəhbəri cənab Rassel Nelson ilə görüşüb. Cənab Nelson Şeyxülislam Paşazadəni, eləcə də onu müşayiət edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyevi və Azərbaycanın ABŞ-dakı Səfiri Xəzər İbrahimi salamlayaraq dəvəti qəbul edib ABŞ-a gəldikləri üçün onlara təşəkkür edib.

Azərbaycan nümayəndə heyəti öz növbəti görüşünü Yuta ştatının vitse-qubernatoru Diedre Hendersonla keçirib.

Martın 2-də 35 min tələbənin təhsil aldığı Yuta ştatının Briqham Yanq Universitetində (BYU) professor-müəllim heyəti və tələbələrlə görüş olub.

Martın 9-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ Dövlət Departamentinin Beynəlxalq dini azadlıqlar İdarəsinin rəsmiləri – Xüsusi təyinatlar üzrə səfir müavini Karson Roker və Avropa və Mərkəzi Asiya üzrə müşavir Coanna Vulfsberqi qəbul edib.

QMİ sədri A. Paşazadə Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, dövlət siyasəti olaraq həyata keçirilən multikulturalizm barədə ətraflı məlumat verib.

Martın 9-da Təzəpir məscidində Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə QMİ-nin Qazılar Şurasının üzvü Hacı Şahin Həsənlinin anım mərasimi keçirilib. Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, sədrin l müavini, müfti Salman Musayev, mərhumun ailə üzvləri, Azərbaycanın müxtəlif regionlarından olan din xadimləri və alimlər iştirak edib.

Martın 11-də Şeyxülislam Dünya Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdüssəlam və onu müşayiət edən nümayəndə heyəti ilə görüş keçirib.

Martın 16-da QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirlən “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda Beynəlxalq Konfransında çıxış edib.

Martın 18-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Şeyxülislam Səudiyyə Ərəbistanına səfəri çərçivəsində görüşlər keçirib.

Martın 21-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə  İslam Əməkdaşlıq təşkilatının baş katibi cənab Hüseyn İbrahim Taha ilə görüşüb.

Martın 22-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətləri İslam Aləmi Liqasının (İAL) baş katibi Şeyx Məhəmməd Əbdülkərim əl-İsa ilə görüşüb.

Şeyxülislam Allahşükür Paşazadə İslam Aləmi Liqasının dünyada həm dinlərarası, həm də islamdaxili müstəvilərdə tutduğu mühüm rolunu qeyd edib. Şəxsən Baş katibin fəaliyyəti yüksək qiymətləndirib.

Martın 23-də Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistan Krallığının İslam İşləri, Dəvət və İrşad nazirliyində Nazir müavini Şeyx Avvad əl-Anizi ilə görüşüb.

Martın 24-də  QMİ sədri səfərin yekunları, keçirilən görüşlərin nəticələri barədə “Əl Ərəbiyyə” telekanalına müsahibə verib.

Martın 25-də QMİ sədri Türkiyə cəfəriləri icmasının lideri Səlahəddin Özgündüz və icmanın bir sıra digər nümayəndələri ilə iftar süfrəsində görüşüb. Səmimi şəraitdə keçən görüş zamanı QMİ sədri Türkiyə cəfərilər icmasının fəaliyyəti, icmanın Azərbaycana qardaş münasibət bəslədiyi, xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı verdiyi mənəvi dəstək haqqında məlumatlı olduğunu ifadə edırək, buna görə qarşı tərəfə öz minnətdarlığını bildirib.

Martın 30-da Şeyxülislam Allahşükür Paşazadə ölkəmizə səfərdə olan RF Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun oğlu, Çeçenistanın ilk prezidentinin adını daşıyan Əhməd Kadırovla görüşüb. Kadırov nəfis şəkildə hazırlanmış Qurani-Kərimi Şeyxülislama hədiyyə verib.

Görüşdə Rusiya Federasiyasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksi iştirak ediblər.

Aprelin 19-da QMİ-də “Ulu öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı konfrans keçirilib. Konfransda QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Salahlı, deputatlar, dini konfessiya rəhbərləri və din xadimləri iştirak ediblər.

Aprelin 28-də Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimləri aprelin 28-də Fəxri xiyabanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər. Azərbaycandakı dini konfessiyaların rəhbərləri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edərək, önünə gül dəstəsi qoyublar.

Mayın 9-da Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Bəyanat verib.

Mayın 11-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçirdiyi imtahanlarda uğur qazanaraq ibadət yerlərinə təyinat alan bir qrup din xadimi ilə görüşüb.

Mayın 13-də İsveçrənin “HD” ( Humanitar Dialoq) sülhməramlı təşkilatının nümayəndə heyəti Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb.

Mayın 17-də QMİ sədri Qazaxıstan Parlamenti Senatının elm və sosial-mədəni inkişaf komitəsinin sədri Nurtore Baytelesoviç Jusipi qəbul edib.

Nurtore Jusip Şeyxülislama Qazaxıstan Respublikası Parlamenti Senatının sədri Maulen Aşimbayevin məktubunu təqdim edib.

Mayın 19-da QMİ sədri Kazan şəhərində keçirilən “Rusiya -İslam aləmi strateji baxış qrupu”nun növbəti illik görüşündə bir sıra ikitərəfli görüşlər keçirib.

Şeyxülislam Rusiya müsəlmanları Mərkəzi Ruhani İdarəsinin sədri, şeyx Talqat Tacuddin, Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri, şeyx Ravil Qaynutdin, Moskva şəhərinin müftisi Albir Krqanov, Fələstin dövlətinin Qazil-Qüzatı Məhəmməd Əl-Həbbaş, Beynəlxalq İslam Xeyriyyə Cəmiyyətinin sədri Abdulla Əl-Mətuq və bir sıra digər şəxsiyyətlərlə görüşərək ikitərəfli əlaqələrin inkişaf məsələlərini müzakirə edib.

Forum çərçivəsində Şeyxülislam Allahşükür Paşazadənin Moskva və Bütün Rusiyanın Patriarxı Kiril ilə ikitərəfli görüşü keçirilib.

Mayın 24-də Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri 28 May –Müstəqillik Günü ilə bağlı Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Mayın 24-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan ABŞ-ın Yuta ştatındakı “Son Günlərin Müqəddəsləri İsa Məsih Kilsəsi”nin (Mormon kilsəsi) rəhbəri Devid Bednarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Allahşükür Paşazadə ölkələrimiz arasında dinlərarası əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu bildirib. Qeyd edib ki, Yuta ştatı ABŞ ştatları arasında Xocalı soyqırımını ilk tanıyanlardan olub.

Mayın 24-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Vatikan Dövlətinin iqamətgahı Ankarada olmaqla Türkiyə və Azərbaycandakı apostol nunsisi arxiyepiskop Marek Solçinski ilə görüşüb. QMİ sədri Azərbaycanla Vatikan arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib.

İyunun 17-də Azərbaycanın ilk zəvvar qrupu Həcc ziyarətinə yola düşüb

İyunun 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Rus Pravoslav Kilsəsinin Kazan və Tatarıstan Mitropoliti Kirillə görüşüb.

İyunun 27-də QMİ sədri Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

İyunun 28-də Qurban Bayramı ilə bağlı Təzə Pir məscidində bayram namazı qılınıb.

İyulun 6-da Azərbaycanda səfərdə olan Türkiyə Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan və xanımı Təzəpir məscidini ziyarət ediblər.

İyulun 7-də Azərbaycandakı dini konfessiya rəhbərləri İsveçdə “Qurani-Kərim”in yandırılması ilə bağlı birgə bəyanat yayıblar.

İyulun 10-da Şeyxülislam Bakıda Müqəddəs Taxt-Tacın Dövlət katibi Ali həzrət Kardinal Pyetro Parolin ilə görüşüb. Allahşükür Paşazadə diqqətə çatdırıb ki, Müqəddəs Taxt-Tacla Azərbaycan Respublikası arasında, habelə Roma Katolik Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında mövcud münasibətlər yüksək səviyyədədir.

İyulun 12-də Şeyxülislam Allahşükür Paşazadə Ümumdünya Kilsələr Şurası Mərkəzi Komitəsinin növbəti iclasının yekun sənədində birtərəfli xarakter daşıyan və erməni tərəfinin mənafelərinə xidmət edən bənd qəbul etməsilə əlaqədar etiraz məktubu ünvanlayıb.

İyulun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Rumıniya Müftisi Murad Yusif ilə görüşüb.

İyulun 25-də Şeyxülislam Allahşükür Paşazadə Almaniya müsəlmanları mərkəzi şurasının sədri Ayman Mayzek ilə görüşüb.

Avqustun 1-də Şeyxülislam Allahşükür Paşazadə Misirin Azərbaycandakı səfiri Hişam Mohamed Nağı Abdel Həmidi qəbul edib.

QMİ sədri 40 ildən artıq Şeyxülislamlığı dövründə dəfələrlə Misirə səfər etdiyini, müxtəlif mötəbər elmi-dini forumlarda iştirakını səmimiyyətlə xatırlatdı və bildirdi ki, bugünədək aldığı dövlət mükafatları sırasında Misirin Əl elm və əməl ordeni xüsusi önəm kəsb edir.

Avqustun 24-də QMİ sədri Allahşükür Paşazadə Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri ilə birgə ölkədə səfərdə olan Belçikanın xarici işlər naziri Hadja Lahbibi ilə görüşüb.

Avqustun 30-da Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Ekumenik Patriarxatın və BƏƏ paytaxtı Abu Dabidə yerləşən Təhlükəsiz Toplumlar üçün Dinlərarası Alyans birgə təşkilatçılığı ilə İstanbulda təşkil edilən “Praktiki əməkdaşlıq: Tək Dünya, Tək Ailə, Tək Gələcəyə Doğru” konfransında iştirak edib.

Avqustun 31-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyasının ölkəmizdə yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Mixail Yevdikimovu qəbul edib.

Sentyabrın 1-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan ABŞ-ın Stirlinq Fondunun prezidenti Edvard Rounun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Sentyabrın 7-də Şeyxülislam Hindistanda G20-nin Forumunda iştirak edib. Şeyxülislam Allahşükür Paşazadə forumun açılış plenar iclasında çıxış edib.

Sentyabrın 12-də QMİ sədri Allahşükür Paşazadə Yunanıstanın Azərbaycandakı səfiri Xristos Kapodistrias ilə görüşüb.

Sentyabrın 18-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Polşanın Baş müftisi Tomasz Miskievicz ilə görüşüb.

Sentyabrın 27-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə müsəlman din xadimləri və Azərbaycanda fəaliyyət göstərən pravoslav, katolik, yəhudi dini konfessiyalarının rəhbərləri Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə əlaqədar Zəfər Parkında olub, İkinci Fəxri xiyabanı ziyarət ediblər.

Oktyabrın 2-də Şeyxülislam Allahşükür Paşazadə Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı səfirliyində ölkəmizdə səfərdə olan Anqlikan Kilsəsinin rəhbəri, Kenterberi Arxiyepiskopu Castin Velbi ilə görüşüb.

Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Ferqus Ould görüş iştirakçılarını səmimi salamlayıb, belə bir əhəmiyyətli görüşü yüksək dəyərləndirib. Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı Fövqəladə və Səlahiyyətli səfiri Elin Süleymanov, öz növbəsində, tolerant Azərbaycanın multikultural harmoniya mühiti barədə məlumat verərək bu sahədə Azərbaycanın dini konfessiya rəhbərlərinin fəaliyyətini, xüsusilə Şeyxülislam A.Paşazadənin böyük rolunu xüsusi qeyd edib.

Oktyabrın 9-da QMİ sədri Allahşükür Paşazadə Qazaxıstan Respublikasına səfərə yola düşüb. Səfərdə məqsəd oktyabrın 11-də paytaxt Astana şəhərində keçiriləcək Dünya və ənənəvi din liderlərinin Qurultay Katibliyinin XXI sessiyasında iştirak etmək olub.

Oktyabrın 10-da Şeyxülislam Allahşükür Paşazadə Dünya və ənənəvi dinlər liderlərinin Qurultay Katibliyinin XXI sessiyasında iştirak etmək məqsədilə səfərdə olduğu Qazaxıstanda bir sıra görüşlər keçirib.

Səfər çərçivəsində Allahşükür Paşazadə Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdüssalam ilə görüşüb.

Oktyabrın 11-də Qazaxıstanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və Ənənəvi Dinlər Liderləri Qurultayının katibliyinin 21-ci iclasında iştirak edib.

Oktyabrın 12-də Şeyxülislam A.Paşazadənin Qazaxıstanın Mədəniyyət və İnformasiya naziri Aida Balayeva ilə ikitərəfli görüşü keçirilib. Xanım Balayeva Şeyxülislamı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif edilməsi münasibətilə təbrik edib və Qazaxıstan Respublikasının Prezidenti cənab Tokayevin şəxsi salamlarını ona çatdırıb.

Oktyabrın 17-də Şeyxülislam Allahşükür Paşazadə Misir Ərəb Respublikasına səfərə yola düşüb.  A.Paşazadə 18-19 oktyabr tarixlərində Qahirə şəhərində keçiriləcək Dünya Fətva Heyətləri Baş Katibliyinin Forumunda iştirak və məruzə ilə çıxış edib.

Səfər Misirin Baş Müftisi Şövqi Əllamın dəvəti ilə həyata keçirilib.

Misir dövlətinin Prezidenti Əbdülfəttah Əs-Sisi cənablarının ali himayəsi ilə baş tutan Qahirə Forumunda bu il Dünya Fətva Heyətləri Baş Katibliyininin nüfuzlu “İmam Qürafi mükafatı”na layiq görülmüş Şeyxülislam A. Paşazadənin təltifolunma mərasimi keçirilib.

Oktyabrın 18-də Şeyxülislam Allahşükür Paşazadə səfərdə olduğu Misirin paytaxtı Qahirədə həmin ölkənin müftisi, Dünya Fətva Heyətləri Baş Katibliyinin rəhbəri Şövqi Əllamla görüşüb.

Oktyabrın 21-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Əl-Əzhərin Baş İmamı Şeyx Əhməd Əl-Tayyib ilə gürüşüb.

Oktyabrın 25-də QMİ sədri Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasına yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteylini qəbul edib.

Oktyabrın 30-da Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezovla görüşüb.

Noyabrın 2-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə İordaniyanın Azərbaycandakı səfiri Ömər Bərəkət əl-Nahar ilə görüşdə bildirib. QMİ sədri Qəzzada sülhə nail olmaq üçün siyasətçiləri tezliklə qərar qəbul etməyə çağırıb.

Noyabrın 6-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində BMT Ətraf Mühitin Mühafizəsi üzrə COP 28 çərçivəsində dünya dini liderlərinin qlobal sammitində iştirak edib.

Noyabrın 8-də sammit çərçivəsində QMİ sədri Allahşükür Paşazadə bir qrup Forum iştirakçıları ilə birgə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən qəbul edilib.

Görüş zamanı QMİ sədrinin Prezident Al Nəhyan ilə söhbəti olub. Şeyxülislam Allahşükür Paşazadə BƏƏ dövlət başçısına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını çatdırıb.

Noyabrın 16-da Qafqaz Müsəlmanları İdarəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib.

Konfrans iştirakçıları tədbirdən əvvəl Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.

Noyabrın 24-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasına səfərə yola düşüb.

QMİ sədri A.Paşazadə qardaş ölkənin paytaxtı Daşkənd şəhərində Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının IV görüşündə iştirak edib.

25 noyabrda Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türk Dövlətləri Təşkilatının Müsəlman dini idarə rəhbərlərinin 4-cü görüşü keçirilib. Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, iştirak edib. Şura üzvləri “İslam ekstremizmə qarşı” Sənədi yekdilliklə qəbul etmiş və imzalamışlar.

26 noyabrda Özbəkistanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi QMİ nümayəndə heyəti “Mir Ərəb” mədrəsəsinin 500 illiyinə həsr olunmuş beynəlxalq tədbirdə iştirak etmək məqsədilə Buxara şəhərinə səfər edib. Bu məşhur təhsil ocağının məzunu olan Şeyxülislam A. Paşazadə xüsusi ehtiram və rəğbətlə qarşılanıb. Qonaqlara “Mir Ərəb”in yaradılması və fəaliyyəti haqqında məlumat verən mədrəsənin rəhbəri buradan məzun olan görkəmli din xadimləri arasında QMİ sədri A.Paşazadənin adını xüsusi qeyd edib. Qonaqlara Şeyxülislam Paşazadənin təhsil aldığı sinif otaqları və yaşayış məkanı nümayiş etdirilib.

Daha sonra nümayəndə heyətləri – Türk dövlətlərinin və İslam dünyasının dini liderləri və alimləri, eləcə də Özbəkistanın dövlət rəsmiləri, ictimai və elmi-dini xadimlər “Mir Ərəb” mədrəsəsinin 500 illiyinə həsr olunmuş “Buxaranın İslam sivilizasiyasında rolu” adlı beynəlxalq konfrans öz işinə başlayıb.

Dekabrın 4-də Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Qazaxıstanın mədəniyyət və informasiya naziri Aidə Balayeva ilə görüşüb.

Dekabrın 24-də Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurası Prezident İlham Əliyevi təbrik edib.

Aydın ABBASOV

Əvvəlki məqalə

Müdafiə naziri Zakir Həsənov şəxsi heyəti təbrik edib

Sonrakı məqalə

Dünya azərbaycanlılarının Həmrəylik Günüdür