Almaniya Silahlı Qüvvələri Litvada yerləşən hərbi bölməsindən radioelektron mübarizə vasitələri ilə Rusiya və Belarus ərazilərini müşahidə etmək üçün istifadə etməyi planlaşdırır.
Bu barədə Bundesverin kibermüharibə qüvvələrinin rəhbəri, vitse-admiral Tomas Daum “Reuters” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, alman hərbçiləri Rusiya və Belarusda radar sistemləri, eləcə də radio dalğaları yayan digər texnikalar haqqında məlumat toplamağı planlaşdırırlar.
Bölmənin tam şəkildə 2027-ci ildə yerləşdirilməsi nəzərdə tutulur.
“Reuters”in məlumatına görə, Almaniya hərbçiləri hazırda Litvada radioelektron mübarizə sistemlərini sınaqdan keçirirlər. Sınaqdan keçirilən vasitələrə pilotsuz uçuş aparatlarını aşkar edən sistemlər, siqnalları ələ keçirən qurğular, rabitəni və digər elektron siqnalları boğmaq üçün nəzərdə tutulan vasitələr, həmçinin döyüş meydanından məlumatları uzaqdakı analitiklərə ötürən sensorlar daxildir.
Bu sistemlər radioelektron siqnalların aşkarlanması və təhlili vasitəsilə hərbi fəaliyyət barədə məlumat əldə etməyə imkan verir.
Bölmənin 2027-ci ildə tam yerləşdirilməsi Almaniyanın Litvadakı hərbi imkanlarının genişləndirilməsi və regionda elektron kəşfiyyat fəaliyyətinin gücləndirilməsi planının bir hissəsidir.
N. Talıblı
