30 dollara alınan tablo 1,3 milyon dollara satıldı– Unudulmuş əsərin inanılmaz hekayəsi

Əsl xəzinəni tapmaq üçün nə muzeyə, nə də elit qalereyaya getmək lazım gəlib. Bəzən belə qiymətli əsər köhnə əşyaların satışında təsadüfən qarşıya çıxa bilər. Amerikalı rəssam Gertruda Aberkrombinin kiçik ölçülü əsərinin də taleyi belə olub. Bir alıcı tablonu cəmi 30 dollara alıb. Bir neçə ay sonra isə həmin əsər hərracda 1,3 milyon dollara satılıb və rəssam üçün dünya hərrac rekorduna imza atıb.

1951-ci ildə çəkilmiş “Alderman Merriam’s Shells” (“Alderman Merriamın dəniz qabıqları”) adlı tablonun hekayəsi Miçiqanda adi köhnə əşyaların satışında başa çata bilərdi. Lakin diqqətli alıcı kiçik ölçülü əsərin əsl sənət nümunəsi olduğunu görə bilib.

Oktyabrın 1-də Nyu-Yorkda keçirilən Freeman’s hərracında tablo ilkin olaraq 150-200 min dollar qiymətləndirilmişdi. Lakin satış zamanı əsərə marağın gözləniləndən qat-qat yüksək olduğu üzə çıxıb.

Nəticədə ölçüsü cəmi təxminən 20×28 santimetr olan tablo komissiya daxil olmaqla 1,3 milyon dollara satılıb.

Bu məbləğ Gertruda Aberkrombi üçün yeni dünya hərrac rekordudur. Əvvəlki rekord ötən ilin noyabrında Nyu-Yorkdakı Sotheby’s hərracında müəyyənləşmişdi. O zaman rəssamın “Message for Mercy” (1950) əsəri 1 milyon dollara satılmışdı.

2025-ci ilin əvvəlində isə Aberkrombinin əsəri üçün rekord qiymət 864 min dollar idi.

Beləliklə, cəmi bir neçə il ərzində rəssamın əsərlərinin bazar dəyəri kəskin şəkildə yüksəlib. İndi isə onun əsərlərindən biri ilkin 30 dollarlıq alış qiymətindən təxminən 43 min dəfə baha qiymətə satılıb.

Tablo necə yoxa çıxmışdı?

Əsərin tarixçəsi də az qala film ssenarisini xatırladır.

Gertruda Aberkrombi 1909-cu ildə anadan olub. Uşaqlıq illərində müğənni olan valideynləri ilə birlikdə tez-tez yer dəyişib. Daha sonra Çikaqonun Hayd-Park rayonunda məskunlaşıb. Həmin dövrdə bu ərazi şəhərin mühüm yaradıcılıq mərkəzlərindən biri sayılırdı.

Aberkrombi burada rəssam və musiqiçilərlə yaxın münasibətlər qurub. Onun dostları arasında əfsanəvi caz musiqiçiləri Dizzi Gillespi və Çarli Parker də olub.

“Alderman Merriam’s Shells” əsərini rəssam vaxtilə Miçiqanın Kalamazu şəhərindən olan həkim Con Reynolds-a cərrahi xidmətlərinin müqabilində verib.

Reynolds uzun illər əsərin yeganə sahibi olub. Hətta tabloyu muzey sərgilərinə də təqdim edib. Lakin zaman keçdikcə əsər kolleksiyaçıların diqqətindən demək olar ki, itib.

Nəhayət, tablo Miçiqanda bir ailənin əmlakından qalan əşyalar arasında satışa çıxarılıb. Məhz həmin satış zamanı onu cəmi 30 dollara alıblar.

Mütəxəssis tablonu görəndə nə baş verdi?

Əsərin fotosu Freeman’s mütəxəssisi Zak Virsuma göndəriləndə o, əvvəlcə məktuba xüsusi əhəmiyyət verməyib.

Virsum sonradan bildirib ki, belə mesajlar ona tez-tez göndərilir və buna görə də böyük gözləntisi olmayıb.

Lakin tablonun fotosunu açandan sonra vəziyyət dəyişib. Mütəxəssis dərhal əsərin Aberkrombinin yaradıcılığının olduqca maraqlı nümunəsi olduğunu anlayıb. Üstəlik, o, bu əsəri əvvəllər heç vaxt görmədiyini bildirib.

N.Talıblı

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.