40 il əvvəl türk konsulunu öldürən ASALA üzvü ömürlük həbsdən buraxılıb-

Hazırda Ermənistandadır
30 Oktyabr 2021 - 12:18

Türkiyənin Kaliforniyadakı konsulunu öldürən ASALA terror təşkilatının üzvü Ambik Sasunyan azadlığa buraxılıb və Ermənistandadır.

“Sputnik Armenia”nın verdiyi xəbərə görə, bu barədə “Daşnaksütyun” partiyasının mətbuat xidməti məlumat yayıb.

Sasunyanın mesajı partiyanın “Facebook” səhifəsində də paylaşılıb və o, artıq Ermənistana gəldiyini bildirib.

Qeyd edək ki, bir neçə il idi ki ABŞ məhkəməsi terrorçu Sasunyanın şərti azadlığa buraxılması ilə bağlı qərar verə bilmirdi.

2016-cı ildə onun azad olunması qərarı o vaxtkı Kaliforniya qubernatoru Cerri Braun tərəfindən rədd edilib. Qubernator bu qərarı ABŞ dövlət katibi Reks Tillersonun və baş prokuror Ceff Seşşonun məktubları ilə əsaslanıdırıb.

2019-cu ilin dekabrında Məhbuslara Azadlıq Şurası Sasunyanı azad etmək qərarına gəlib, lakin əyalət qubernatoru Qavin Nyusom bu qərarı rədd edib.

24 fevral 2021-ci ildə Los – Anceles Məhkəməsi qubernator Nyusomun qərarını ləğv edib. Qubernator bildirib ki, bundan sonra məhkəmənin qərarından apellyasiya şikayəti verməyəcək.

Xatırladaq ki, Sasunyan 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki konsulu Kamal Arıkanı öldürüb. Buna görə o, 1984-cü ildə ömürlük həbs cəzasına məhkum edilib. 2002-ci ildə federal məhkəmə ona həbsindən 25 il sonra, 2009-cu ildə azadlığa çıxmaq üçün ərizə vermək imkanı verib, lakin bu vəsatətlər rədd edilib.