40 yaşda olanlar yüksək təzyiqdən özünü qorusun –

Ömrün hansı anı “kritik vaxt” sayılır?
02 Sentyabr 2019 - 09:40

Mütəxəssislər 30 -40 yaşlı şəxslərə  beyin sağlamlığını qorumaları üçün təzyiq göstəricilərinə diqqət etmələri barədə xəbərdarlıq ediblər.

Azpost.info BBC radiosuna istinadən bildirir ki, “Lancet Neurology” jurnalının yaydığı yeni araşdırmaya görə, beynin sağlamlığının qorunması üçün “fürsətlər pəncərəsi” 30 yaşdan 50 yaşın ortalarına qədər açıq qalır.

Araşdırma üçün 1946 ildə doğulmuş 500 nəfər yoxlanıb. Tədqiqatlardan sonra orta yaşın əvvəllərində müşahidə olunan yüksək təzyiqin daha sonra ortaya çıxan qan damarlarındakı zədə və beynin kiçilməsi ilə əlaqəli olması bəlli olub. Mütəxəssislər “kritik vaxt” olaraq görülən 30 və 40 yaşlardakı yüksək təzyiqin beynin zədələnməsini sürətləndirdiyini  deyirlər.

Orta yaşlarda qan təzyiqi  göstəricilərinin dementiya riski(əqli zəiflik xəstəliyi-red) ilə əlaqəli olması daha əvvəl aparılmış araşdırmalarda da üzə çıxmışdı. Lakin alimlər bu zərərin nə vaxt və necə ortaya çıxdığını anlamaq üçün yeni göstəriciləri  araşdırmağa başlayıb. Araşdırma zamanı iştirakçıların beyni yoxlanıb və qan təzyiqləri ölçülüb.

Məlum olub ki, 36-43 yaşlarında qan təzyiqindəki artım beynin kiçilməsi ilə əlaqəlidir. Yaşlandıqca hamının beyni kiçilir, amma damar dementiyası ( dementiya – əqli zəiflik xəstəliyidir-red) kimi nevrodegenerativ xəstəliklərdən əziyyət çəkənlərdə bu daha çox müşahidə olunur.

Üzərində araşdırma aparılan şəxslərdə koqnitiv çatışmazlıq müşahidə olunmasa da araşdırmaçılar beynin kiçilməsinin koqnitiv çatışmazlıq göstəricilərindən öncə baş verdiyini bildirirlər. Eyni şəxslərdə həyatlarının növbəti illərində bu göstəricilərin müşahidə olunub-olunmamasını dəqiqləşdirmək üçün onlar üzərində araşdırmalar davam edəcək.

43-53 yaş arasında qan təzyiqindəki artımın 70 yaşında olan şəxslərin qan damarlarında yaranan zədə ilə əlaqəli olması üzə çıxıb. Araşdırmaya UCL Universiteti Nevrologiya İnstitutunda çalışan kliniki nevroloq professor Conatan Skot rəhbərlik edib.

“30 yaşda qan təzyiqimizdəki göstəricilərimiz on illər keçdikdə belə beynimizin sağlamlığına öz təsirini göstərir. Yaşlananda beyin sağlığını qoruya bilmək üçün orta yaşın əvvəllərində yoxlamalara və müşahidələrə başalamaq lazımdır” –deyə Skot vurğulayıb.

Oxford Universitetində çalışan ürək-damar üzrə tibb professoru Paul Leeson isə deyib ki,  “bir müddətdir yüksək təzyiqi olanların sonrakı yaşlarda fərqli beyin şəkillərinə sahib olduqlarını bilirdik. Ancaq həkimlər qan təzyiqinə erkən yaşda müdaxilənin beyindəki dəyişiklərin qarşısını ala bilib-bilməyəcəyi ilə bağlı mübahisə edirdilər” .

Leeson erkən yaşlarda müdaxilənin mühümlüyünü belə izah edir: “Yüksək təzyiqi ancaq yaşlandıqca ciddiyə alırıq. Beləliklə də beyində zədələr yaranmır. Bu araşdırma 30 və 40 yaş kimi həyatın dönəmlərinin çox vacib ola biləcəyini göstərir. Bu zaman kəsiyində yüksək təzyiq beynin zədələnməsini sürətləndirir”.

Alzeymer araşdırmalar Mərkəzindən Carol Routledge də orta yaşda müşahidə olunan yüksək təzyiqin dementiya riskini artıran ən çox təsiredici vasitələrdən biri olmasını deyir və gənc yaşlarda qan təzyiqinin normal vəziyyətdə saxlanması üçün gərəkli önləmlərin alınmasını məsləhət görür.