İnsan yatarkən beyində qlimfatik sistem fəaliyyət göstərir. Bu sistem onurğa-beyin mayesinin köməyi ilə beyin toxumalarında yaranan parçalanma məhsullarını və tullantıları xaric edir. Proses ən aktiv şəkildə dərin yuxu zamanı gedir və neyrodegenerativ xəstəliklərlə əlaqəli zülalların beyindən təmizlənməsinə kömək edir.
Yuxu pozulduqda isə bu təmizlənmə prosesi zəifləyir və zərərli maddələr beyində toplana bilər.
“Psychology Today” nəşrinin məlumatına görə, 2012-ci ildə Mayken Nederqardın rəhbərlik etdiyi tədqiqatçılar qrupu əsasən dərin yuxu zamanı aktivləşən bu sistemi təsvir edib.
Beyin yuxuda hansı maddələrdən təmizlənir?
Qlimfatik sistemin əsasını onurğa-beyin mayesinin hərəkəti təşkil edir. Bu maye beta-amiloid lövhəcikləri və tau zülalları kimi tullantıların xaric edilməsində iştirak edir. Altsheymer, Parkinson, amiotrofik lateral skleroz və Hantinqton xəstəliyindən əziyyət çəkən insanların beynində və digər orqanlarında bu zülalların yığıntılarına tez-tez rast gəlinir. 2022-ci ildə Çjanın rəhbərlik etdiyi tədqiqatın müəllifləri onların əhval-ruhiyyə pozuntuları zamanı da müşahidə olunduğunu bildiriblər.
Keyfiyyətli yuxu zamanı bu tullantıların beyindən xaric edilməsi iki dəfə sürətlənə bilər. Yuxu pozulduqda isə mayenin təbii hərəkəti zəifləyir və tullantılar daha çox toplanır.
Təmizlənmə əsasən dərin yuxu mərhələsində baş verdiyindən, yuxunun keyfiyyəti onun müddətindən daha vacib ola bilər. Bu baxımdan yalnız gecə səkkiz saat yatmaq deyil, yuxunun hansı mərhələlərdən keçməsi də əhəmiyyətlidir.
Dərin yuxunun gecənin ilk yarısında bir neçə mərhələ şəklində əldə edilməsi daha əlverişli hesab olunur. Təxminən 90 dəqiqəlik yuxu dövründə beyin əvvəlcə səthi yuxuya keçir, sonra dərin yuxu mərhələsinə daxil olur və yenidən səthi yuxuya qayıdır.
Alkoqol beyinin təmizlənməsinə mane ola bilər
Məqalədə beynin təmizlənməsini, yuxunun keyfiyyətini yaxşılaşdırmaq və koqnitiv zəifləməni ləngitmək üçün əsas tövsiyələrdən biri alkoqoldan imtina etməkdir. Doktor Tsinxua Lyu və həmkarlarının 2020-ci ildə Brain, Behavior, and Immunity jurnalında dərc olunan araşdırmasına görə, hətta orta miqdarda alkoqol qəbulu da onurğa-beyin mayesinin zülal yığıntılarına çatmasını azalda və onların xaric edilməsinə mane ola bilər.
Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, alkoqolun uzun müddət orta miqdarda qəbulu iltihaba reaksiya verən, ulduzabənzər hüceyrələr olan astrositlərin aktivliyini artırır. Bu isə qlimfatik sistemin fəaliyyətini zəiflədir.
Zaman keçdikcə beyin mayenin və tullantıların hərəkətini təmin edən zülalları itirə bilər. Məqalədə qeyd olunur ki, bu prosesi sonradan geri çevirmək olduqca çətinləşir. Buna görə alkoqoldan imtina beynin təbii təmizlənməsini dəstəkləmək üçün mühüm addım kimi təqdim edilir.
Opioidlər də daxil olmaqla, digər depressant maddələrin uzunmüddətli istifadəsi də onurğa-beyin mayesinin axınını və təmizlənmə prosesini zəiflədə bilər.
Beynin sağlamlığını dəstəkləyən digər vərdişlər
Alkoqol və opioidlərdən istifadə edilmədikdə belə, bəzi gündəlik vərdişlər mayenin hərəkətini dəstəkləyə və ümumi sağlamlığa müsbət təsir göstərə bilər.
1. Fiziki aktivlik
Fiziki hərəkət və ürək-damar sistemini işlədən məşqlər qan dövranını sürətləndirərək onurğa-beyin mayesinin hərəkətinə kömək edir.
İntensiv məşqlər mümkün deyilsə, yüngül dartınma hərəkətləri və ya çiqonq kimi fəaliyyətlər də faydalı ola bilər. Əsas məsələ zədə riski yaratmadan hər gün təkrarlana bilən ritmik hərəkətlər seçməkdir.
2. Diqqəti cəmləmək və nəfəs məşqləri
2025-ci ildə Danimarkada Kiting və həmkarlarının apardığı araşdırmada diqqətin cəmlənməsinə əsaslanan fərqindəlik praktikasının onurğa-beyin mayesinin axınını birbaşa artırdığı göstərilib.
Məqalədə qeyd olunur ki, bu təsir stress, yaşlanma və neyrodegenerasiyanın beyinə təsirinin əks istiqamətindədir.
Diqqəti cəmləmək praktikasını demək olar ki, istənilən fəaliyyət zamanı tətbiq etmək mümkündür. 2022-ci ildə Yıldız və həmkarlarının araşdırmasına görə, oturaq vəziyyətdə diafraqmal nəfəs məşqləri də mayenin ritmik hərəkətini dəstəkləyə bilər.
3. Beyinə və bədənə güvənmək
Keyfiyyətsiz yuxunun nəticələrindən narahat olmaq təbiidir. Lakin məqalədə vurğulanır ki, bu narahatlıq problemi daha da ağırlaşdıra bilər.
Bunun əvəzinə yuxunun pozulduğu gecələri fərqindəlik, nəfəs və yüngül fiziki hərəkət vərdişlərini tədricən formalaşdırmaq üçün fürsət kimi dəyərləndirmək tövsiyə olunur.
4. Düzgün qidalanma və kifayət qədər su
Faydalı yağlar və bol tərəvəzlərlə zəngin qidalanma beynin sağlamlığını dəstəkləyir. Şəkərsiz, alkoqolsuz və konservantsız mayelər qəbul etmək də orqanizmin normal fəaliyyətinə kömək edir.
Məqalədə qeyd olunur ki, kifayət qədər maye qəbul edilmədən orqanizmdə normal proseslərin davam etməsi çətinləşir. Bununla belə, hər kəs üçün gündə səkkiz stəkan su içmək zəruri deyil. Mayeyə olan ehtiyac insanın fiziki aktivliyindən, yaşadığı mühitdən və sağlamlıq vəziyyətindən asılıdır.
Sunay Aydın
