Çörək yenə açıq satılır

- KORONAVİRUS BİTDİ?..
02 İyun 2020 - 13:12

Koronavirusla bağlı ciddi karantin rejiminin tətbiq olunduğu mart və aprel aylarında mağazalarda çörək satışında nizam-intizam yaradılmışdı. Açıq şəkildə bişirilən çörək də mağazada elə paketlənirdi ki, əl vurmaq mümkün olmasın. Çörək rəfləri olan hissəyə alıçıların keçməsinə, çörəyi əlləri ilə yoxlamasına icazə verilmirdi.

İndi vəziyyət necədir?

Lent.az -ın əməkdaşının mağazalarda apardığı müşahidələrdən məlum olub ki, koronavirus pandemiyasından əvvəl vəziyyət necə idisə, hazırda da o cür davam edir. Çörək açıq şəkildə satılır. İstənilən müştəri çörəyin təzəliyini yoxlamaq üçün rəflərə düzülən bütün çörəkləri əli ilə “müayinədən” keçirir.

Böyük marketlərdən birində orada bişirilən çörəyi rəflərə yığan xanımdan nə üçün məhsulu əl dəyməyəcək şəkildə paketləmədiklərini soruşuram. Zarafata keçir: “Daha karona bitib də… Ona görə də hərtərəfli paketləməyə ehtiyac yoxdur. Karona var idi ki?…”.

Demək olar ki, bütün marketlərdə vəziyyət bu cürdür. Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mağazalarda çörək və çörək məhsullarının satışı ilə bağlı təlimatları var. Çörək açıq şəkildə satılmamalı, müştərinin məhsula təması olmamalı və s.

Təəssüf ki, hazırda bunlara əməl olunmur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdiyinə görə, insanlar arsında yeni davranış qaydaları ortaya çıxmalıdır. Onun fikrincə, dövlət orqanları qanunlar vasitəsilə insanların hər bir davranışını tənzimləyə bilməz: “İstehlakçılar özləri yeni davranış qaydaları nümayiş etdirməlidirlər. AİB güclü istehlakçı təşkilatı olsaydı, elə bir iş aparırdı ki, hamı maska taxar, hamı mağazalarda qoyulan qaydalara əməl edərdi. Mən sizin sayt vasitəsilə insanlara çağırış edirəm ki, açıq çörəkləri almasınlar. Mağazalarda təndirdə bişirilən isti çörəkləri almaqdan imtina etsinlər. İşçiləri maska və əlcək taxmayan mağazalardan uzaq dursunlar. Biznes istehlakçılardan asılıdır. İstehlakçı olaraq biz yaxşı davranış nümayiş etdirsək, qarşı tərəf də lazımı qaydalara əməl etməyə məcbur qalar”.

E.Hüseynovun fikrincə, pandemiyaya görə gigieynik qaydalara ciddi əməl edən ölkələrdən mütamadi reportajlar vermək lazımdır: “Qayda-qanuna cidid əməl edən ölkələrdən reportajlar vermələri ilə bağlı bizim telekanallara da təklif vermişəm. Dünya Sağlamlıq Təşkilatı, dövlət bizə yayın istisində palto və ya qış ayaqqabısı geyməyi demir. Maska geyib, gigeynik qaydalara əməl etməyi tövsiyə edir. Bu cür gigiyenik qaydalara çörəklə bağlı məsələ də aiddir.

İnsanlar keyfiyyət və qablaşdırma baxımından işini normal həyata keçirən çörək istehsalçılarına üstünlük verməlidirlər. Açıq çörəyi alanlar, özlərini qorumaq üçün heç olmasa məhsulu yüksək temperaturdan keçirsinlər”.

AİB sədri onu da bildirib ki, bəzi çörək istehsalçıları istehsal proseslərini onlayn şəkildə izləmək imkanı yaradıblar: “Onlayn izləməklə istelkaçı çörəyin hansı şəraitdə hazırlandığını izləyə bilər. İşi o yerə çatdıranlar var, hətta üzərinə antikaronovirus əleyinə olduğu yazılan çörək istehsal edirlər. Çörəklə bağlı bu cür məsələlər yolverilməzdir”.