Telegram gələn ildən pullu xidmətə keçir

Telegram mesencerinin qurucusu Pavel Durov gələn ildən pullu xidmətə başlayacaqlarını açıqlayıb. Onun sözlərinə görə, kommersiyalaşma yalnız ictimai kanallara və əlavə funksiyalara aiddir, şəxsi yazışmalara təsir göstərməyəcək.

Durov deyir ki, bu qərara gəlməsinə aktiv istifadəçi sayının 500 milyona çatması səbəb olub. Bu artımdan dolayı serverlərə və trafikə xərclər ildə bir neçə yüz milyon dollara çatıb. O, müəyyən bir ana qədər xərcləri şəxsi vəsaitindən ödədiyini deyir. Ancaq indi layihə sahibləri qaçılmaz seçim qarşısında qalıblar – “ya xərclərin qarşılanması üçün pul qazanmalı, ya da daha böyük oyunçuya satılmalıdırlar”.

Durov ikinci variantı mesencerin müstəqilliyinə təhdid hesab edərək birinci alternativi seçdiyini deyir. Bu məqsədlə Telegram-a publik kanallar üçün xüsusi “reklam platforması” daxil ediləcək. Bu, “istifadəçilərə komfort və konfidensiallıq”, sahiblərinə isə xidmətə görə “xərcləri qarşılamaq” imkanı yaradacaq.

“Zəhlətökən reklamları”

Durov vəd edib ki, “dəyərlərə sadiq” qalacaq, “zəhlətökən reklamları” buraxmayacaqlar. Sıravi istifadəçilərin bütün mövcud xidmətlərə pulsuz çıxışı saxlanacaq. Onlar istəyə uyğun olaraq xüsusi bədii stikerləri ala biləcəklər, onların müəllifləri isə öz növbəsində gəlirin bir hissəsinə sahiblənəcək.

“Xəbər mübadiləsi ilə bağlı bütün xidmətlər reklamdan azad olacaq. Hesab edirik ki, şəxsi və qrup yazışmalarında reklam qəbuledilməzdir. Adamların ünsiyyətini reklamla pozmaq olmaz”, – Durov Telegram kanalında yazır.

Bəzi təhlilçilər ümid edirdilər ki, Telegram platformasını blokçeyn layihəsi vasitəsilə kommersiyalaşdıracaq. Ancaq müəyyən yubanmalar və inzibati problemlərdən sonra platforma mayda layihədən əl çəkdiyini bildirdi.

Bu layihəyə görə Dubayda mənzillənən Telegram 2018-ci ildə investorlardan 1.7 milyard dollar yığa bilmişdi. İlin əvvəlində investorlara 1.2 milyard dollar qaytarmağı təklif etdi.

Bu gün – dekabrın 23-də Telegram tətbiqə yeni qrup zəngi funksiyasını da əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mehriban Əliyeva “instagram” hesabında Zəngilan və Qubadlıya səfərlə bağlı video paylaşıb

Sonrakı məqalə

Rusiya pomidor idxalı ilə bağlı Azərbaycana qoyduğu məhdudiyyəti ləğv etdi