“80 yaşa gəlib çatacağımı düşünmürdüm” –Xalq artisti Hacı İsmayılov /MÜSAHİBƏ

Azpost.info “Şöhrət” ordenli, Xalq artisti Hacı İsmayılovun AZƏRTAC-a müsahibəsini təqdim edir.

 

– Səksən yaşa çatmaq necə bir hissdir? Əslində özünüzü hansı yaşda hiss edirsiniz?

– 80 yaşın tamam olması mənə bir qədər qəribə gəlir. Həyatımda bir çox keşməkeşlər olub. Açığı, bu yaşa gəlib çatmağımı düşünmürdüm. Hər halda görünür ki, bu qədər ömür sürməkdə də Allahın bir hikməti varmış…

– Sizcə sənət adamı üçün yaşın bir anlamı var?

– Sənətin növündən asılı olaraq dəyişir. Yazıçı, rəssam və aktyor üçün yaşın əhəmiyyət kəsb etmədiyini düşünürəm.

– Söhbətimizə keçmişdən, sizin uşaqlıq illərinizdən başlamaq istərdik. Uşaqlığınızı necə xatırlayırsız?

– Uşaqlıq illərim çox maraqlı keçib. Gözüm qarşısında ilk olaraq canlanan ətrafın dümağ olmasıdır. Yəqin ki, qışda qar yağdığı üçün belə idi. Uşaqlığım İçərişəhərdə keçib. O zamanlar uşaqlarla oynayarkən qala divarlarının üstündə qaçırdıq. İndi hər dəfə oradan keçəndə fikirləşirəm ki, mən o vaxt bunu necə bacarmışam. Bir az böyüdükdən sonra “O olmasın, bu olsun”, “Amfibiya adam” filmlərinin İçərişəhərdə aparılan çəkilişlərinin canlı şahidi olmuşam. Kinoya marağım da elə həmin dövrdən başlayıb. Bəzən elə olub ki, kionteatrlarda bir filmi dörd-beş dəfə izləmişəm. Hamısında da eyni maraqla. Məktəb illərində ədəbiyyata xüsusi marağım olub. İbtidai sinifdə oxuyanda Xalq artisti Tofiq İsmayılovun yaradıcılıq dərnəyinə üzv yazılmışdım. İlk dəfə səhnəyə “Gənc ustalar” adlı birpərdəli pyesdə Mahmud obrazı ilə çıxmışam. Bir qədər tənbəl olan bu obraz tütək çalmaqla məşğul olub. Tamaşa günü zal məni tutdu, özümü itirdim. Mətntdəki sözlərin yerini qarışdırdım. Səhnə dostlarımın da hamısının baxışları mənə dikilmişdi, özümü ələ alıb toparladım və davam elədim. O gün maraqlı iş ortaya çıxmışdı. Universitetə qəbul olanda qarşıma məqsəd qoydum ki, nə olursa-olsun, aktyor olacağam. İllər keçdi və yolum Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsinə düşdü. Həmin əzəmətli səhnədə ilk rollarımdan biri “Hamlet” əsərində əsas obrazın atası olub.

– Rol aldığınız filmlərin çəkilişi ilə əlaqədar yadınızda hansı maraqlı hadisələr qalıb?

– Həmişə işimə məsuliyyətli olsam da, bir gün “Həm ziyarət, həm ticarət” filminin çəkilişlərindən birinə 1 saatdan çox gecikdim. Fikirləşmişdim ki, rejissor Rasim Ocaqov məni danlayacaq. İçəri keçdim, məndən pulumun olub-olmadığını soruşdu. Dedim ki, bəli var. Cibimdən on manat çıxardım. O vaxtlarda bu pulun yüksək dəyəri vardı. Pulu aldılar, çəkiliş başladı. Çəkiliş vaxtı fikirləşirəm ki, mənimlə zarafatlaşırlar. Sən demə həmin gün aktyorlardan birinin doğum günü imiş, mənim xəbərim yox idi. İşimiz bitdi, hər kəs ad gününü qeyd etmək üçün kinostudiyaya getdi, mən qaldım tək. Bu da mənim üçün böyük cəza idi.

– Hansısa filmin ssenari müəllifi və ya rejissoru olmaq istəmisinizmi?

– Mən heç vaxt bu barədə düşünməmişəm. Hər sənət sahəsinin özünəməxsus çətinlikləri var. Rejissorluq da belədir. Məncə, hər kəs öz işini ustalıqla görsə, sənət daha da gözəlləşər. Bizim tanınmış rejissorlarımızın sayı barmaqla sayılası qədər azdır. Adil İsgəndərov, Tofiq Kazımov, Mehdi Məmmədov, Zəfər Nemətov, Məhərrəm Haşımov, Şəmsi Bədəlbəyli və başqaları…

– Yaratdığınız rollardan hansı sizin daxili aləminizə, xarakterinizə daha uyğundur?

– Hamı istəyər ki, səhnədə qəhrəman rolları oynasın. Həyat elə gətirib ki, mən tamam başqa obrazları canlandırmışam. Çox sevinirəm ki, öz rolumu tapdım. O da “Ad günü” filmindəki Mustafa obrazı idi. Belə rollar mənim daxili aləmim və xarakterimə daha uyğundur.

-Son vaxtlar çəkilən filmlər sizi qane edirmi?

– Sözün düzü, bütövlükdə serialların hamısına baxmamışam. Ona görə də qiymət verə bilmərəm. Amma axırıncı dəfə “Olimpiya” adlı filmə çəkildim. Filmin mənim üçün üstünlüyü onda idi ki, o dövrdə bizim çəkildiyimiz kino prosesi kimi idi, başqa sözlə ifadə etsəm, yəni aktyorlara xüsusi diqqət göstərilirdi.

-Siz həm də Azərbaycan Teatr Xadimləri İttifaqının sədri vəzifəsini müvəqqəti icra edirsiniz, İttifaqda işlər necə gedir, hansı yeniliklər gözlənilir?

– Bu il mənim Teatr Xadimləri İttifaqında çalışmağa başlamağımın 10 ili tamam olur. O vaxt Xalq artisti Azərpaşa Nemətov məni dəvət eləyəndə çox tərəddüd keçirdim. İndi öz-özümə deyirəm ki, yaxşı ki, qəbul etmişəm. Ötən illər ərzində bir çox layihələr həyata keçirilib. Sonuncu dəfə “Qonaq teatr” layihəsi çərçivəsində Ağdam, Mingəçevir, Sumqayıt və Şəki teatrları bizim səhnəmizdə maraqlı tamaşalarla çıxış etdilər. Eyni zamanda, hər il yubileyləri olan sənətkarlara fəxri diplomlar və xanımlara xüsusi hazırlanmış “qızıl gül” mükafatı təqdim edirik. Yeri gəlmişkən bu mükafatın verilməsi mənim ideyamdır. 2024-cü ildə də İttifaq yeni layihələrlə teatrsevərləri sevindirəcək.

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

Aİ Ukraynaya 20 milyard avroluq hərbi yardım planı hazırlayıb