800 nəfər Rusiya vətəndaşı aviareyslərlə Azərbaycandan vətənə qayıtmağı gözləyir

28 Aprel 2020 - 10:00

Azərbaycanın Rus İcmasının sədri, deputat Mixail Zabelin koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar Rusiya vətəndaşlarının Azərbaycandan vətənə qayıtması ilə bağlı problemlərin olduğunu qeyd edib.

“Problemlər mövcuddur. Məsələn, ölkədən çıxmaq istəyən şəxslərin qeydiyyata alınmasının iki üsulu var: konsulluq şöbələrinə müraciət və ya dövlət qeydiyyatı üzrə. Əgər ötən cümə günü 180 nəfər Rusiya vətəndaşı avtobusla Azərbaycandan vətənə getmişdisə, hava nəqliyyatı ilə getmək istəyən 800 nəfər var, lakin onlar yola düşə bilmirlər”, – deyə Zabelin bu gün “Rusiya-Azərbaycan: postepidemioloji və enerji böhranından birgə çıxış yolları” mövzusunda keçirilən onlayn konfransda bildirib.

Onun sözlərinə görə, “Aeroflot” son bir ay-ay yarım ərzində insanların Rusiyaya qayıda bilməsi üçün ümumiyyətlə marşrut təşkil etməyib.